Bəziləri deyə bilər ki, Barrozunun Azərbaycana səfərinin hansısa ölkə prezidentinin məmləkətimizə səfərindən nə fərqi var? Fərq böyükdür. Barrozu Avropa Birliyində yer alan aparıcı dövlətlərin siyasi, iqtisadi və enerji maraqlarını təmsil edir. Və o, Azərbaycanın dövlət başçısı ilə sənəd imzalayarkən, müzakirə apararkən Avropa Birliyinə üzv olan 27 dövlətin adından danışır.
Barrozunun Azərbaycana səfərinin 3 önəmli məqamını vurğulamaq istərdim.
Birincisi, İlham Əliyev Barrozu ilə “Cənub qaz dəhlizi haqqında birgə bəyannamə”ni imzalamaqla Azərbaycanın Avropaya daha çox qaz ixrac edəcəyini və “Nabukko” layihəsini dəstəklədiyini ortaya qoydu.
Əlbəttə, Bakıda imzalanan saziş hələ “Nabukko”ya yaşıl işıq yandırılması mənasına gəlmir. Əsas odur ki, “Nabukko”nun inşasına ayrılacaq maliyyə mənbəyi tapılmalıdır. Barrozu da buna işarə edərək Bakıda belə bir ifadə işlədib ki, layihə ilə bağlı son sözü şirkətlər verməlidir, ancaq bu ifadəyə zəruri əlavəsini də unutmayıb: “Buna baxmayaraq, layihəyə siyasi dəstək də önəmlidir”.
“Nabukko”ya etiraz edən yoxdur, dəstək də artıb, növbə layihəyə maliyyə ayıracaq şirkət və banklarındır. Rusiyanın baş naziri Vladimir Putin və “Qazprom” şirkətinin başçısı Aleksanr Miller son zamanlar “Biz “Nabukko”nun əleyhinə deyilik” ifadəsini dilə gətirirlər. Bununla layihə qarşısında dayanan əsas Rusiya maneəsi ortadan qaldırılmış olur. Çünki son vaxtlara qədər hər vasitə ilə “Nabukko”nun əleyhinə çıxan Kreml bu istiqamətdə Azərbaycana hakimiyyətinə də təzyiqlər edirdi. Bu təzyiqlər azaldıqdan sonra isə rəsmi Bakının Avropa Birliyi ilə sövdələşməsi asanlaşır. Ancaq kim bilir, “Nabukko”nun inşası bir az daha yubanarsa, Kremlin mövqeyi dəyişə də bilər və bu halda Moskvanın Azərbaycandan daha çox qaz alması ehtimalı artacaq.
Fikrimcə, Barrozunun Əliyevlə imzaladığı digər iki memorandum əhəmiyyətinə görə “Nabukko”dan geri qalmır. Sənədlərin tam adları belədir: “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair anlaşma memorandumu” və “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə anlaşma memorandumu”.
Bu memorandumlar Azərbaycanla Avropa Birliyi arasındakı məsafəni qısaltmağa xidmət edir. Barrozunun özü də mətbuat konfransında söylədi ki, Avropa Birliyi ölkələrinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün vizanın yumşaldılmasını nəzərdə tuturlar. Bu yaxşı xəbərdir, ancaq əməkdaşlıq yalnız viza ilə məhdudlaşmır.
Avropa Birliyi ilə imzalanan İndikativ Proqram o deməkdir ki, Azərbaycan siyasi və iqtisadi islahatları dərinləşdirdikcə Avropaya daha çox yaxınlaşacaq, mallarımız daha sərbəst şəkildə Avropa bazarına çıxacaq. Azərbaycan Avropa Birliyinin “Şərq Tərəfdaşlıq Proqramı”nın üzvüdür ki, bu çərçivədə əməkdaşlığın genişləndirilməsinin yollarını göstərən onlarla konkret bənd var. Bu bəndlərin yerinə yetirilməsi Azərbaycanın gələcək inkişafının xeyrinədir.
Buna baxmayaraq Avropa Birliyinin Cənubi Qafqazda gözü və qulağı Azərbaycandadır. Məhz Azərbaycan Avropa Birliyinin Rusiyadan qaz asılılığını azaltmağa imkan verə bilər. Təsadüfi deyil ki, Barrozu yanvarın 13-ü Bakıda verdiyi açıqlamasında “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” ifadəsi işlədib. Bu açıqlama da Avropa Komissiyasının Azərbaycana səfərinin 3 önəmli maddəsindən biridir ki, Brüssel birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirir. Bundan öncə də Avropa Parlamenti ərazi bütövlüyümüzə dair konkret sənəd ortaya qoymuşdu. İndi görün, Azərbaycan Brüsselin zəruri saydığı və elə bizim özümüzə lazım olan iqtisadi və siyasi islahatları dərinləşdirsə, Avropa Birliyinin dəstəyi daha nə qədər artar.