2003-cü ildən idman mətbuatında olsam da, son dövrlər bu sahədən bir az uzaqlaşmışam. Amma hadisələrin içindəyəm. Əvvəla, ölkəmiz üçün qeyd olunan sayda saytın fəaliyyət göstərməsi anormaldı. Elə iki idman kanalının olması da bu qəbildəndi. Dostlar məndən inciməsin, bu, mənim subyektiv fikrimdi. Azərbaycanda idmanın hansı səviyyədə olduğu göz qabağındadı. Belə bir şəraitdə çox sayda idman saytının fəaliyyəti qəbuledilməzdi. Hələ 5-6 il öncə, vəziyyətin heç də pis olmadığı dövrdə sayt yaratmaq və işlətmək barədə müxtəlif təkliflər alsam da, həmişə bu addıma qarşı çıxmışam. Çünki idman mətbuatı klublardan asılı vəziyyətdə idi və onun hazırki duruma düşəcəyi qaçılmaz idi.
Tutaq ki, AFFA ilə saytlar arasında razılıq əldə olundu və yaxın gələcəkdə media bu addımın bəhrəsini gördü. Heç kim zəmanət verə bilməz ki, elə yaxın gələcəkdə AFFA-nın rəhbərliyi dəyişəcək və futbol təsərrüfatında vəziyyət 90-cı illəri xatırladacaq. Cərəyan edən hadisələr ümidləri neftə bağlamağın yanlış olduğunu bir daha sübuta yetirdi. Baş katibin jesti nə qədər təqdirəlayiq olsa da, neftdən gələn milyonların ağuşunda üzərkən mətbuatın yada düşməməsi də faktdı.
Bəs çıxış yolu nədi?
İlk növbədə ölkədə sağlam iqtisadi və biznes mühiti olmalıdı. Bu isə birbaşa mediadan asılı deyil. Bunun üçün Azərbaycanda köklü dəyişikliklər olmalıdı. Digər məsələ: idman mətbuatındakı pərakəndəlik aradan qalxmalıdır. Fəaliyyət göstərən onlarla sayt təxminən 7-8 böyük sayt ətrafında birləşməlidi. İstəsək də, istəməsək də, gec və tez bu proses baş verməlidi. Elə son günlər bağlanan bankları nümunə göstərmək kifayətdir. İllər öncə həyata keçirilən yanlış siyasət indi öz qurbanlarını «udur».
Reklam bazarında baş verənlər haqqında isə uzun-uzadı danışmaq olar. Bu sahədə xüsusi məqsədlər əsas rol oynayır. Nəticədə söz azadlığı boğulur, mətbuat ayrı-ayrı şəxslərə xidmət göstərir. Odu ki, yaxın zamanlarda bu sahələrdə sağlam mühitin yaradılacağına ümidlər çox azdı. Heç AFFA da arxada qalan illərdə bu baxımdan fərqlənməyib. Federasiya-media danışıqları zamanı bu amil də nəzərə alınmalıdı. Digər tərəfdən, AFFA-nın nəşri «Futbol dünyası» qəzetinin çapının dayandırılmasını unutmayaq. Qəzeti saxlaya bilməyən qurum mətbuata gün ağlamağa çalışacaq...
Aysberqin görünən tərəfi odu ki, təklif irəli sürməklə AFFA topu oyuna daxil edib. İndi top bizdədi, idman jurnalistləri. Gələcəkdə müsbət və mənfi qərarın qəbul edilməsindən asılı olmayaraq, rəqibin oyuna üstün başladığını etiraf etməliyik. (komanda.az)