Vaxt.Az

İranda qaçqınlara zorakılıq


 

«Bu ölkəyə sığınan əfqanlar və pakistanlılar məcburi şəkildə Suriya savaşına göndərilir»

İranda qaçqınlara zorakılıq «Human Rights Watch» beynəlxalq təşkilatı yanvarın 29-da İran hökumətinin ölkədəki əfqanlı mühacir və qaçqınların acınacaqlı durumundan su-istifadə edərək onları zorla Suriya müharibəsinə göndərməsi barədə bəyanat yayıb.

«Human Rights Watch» təşkilatının fövqəladə işlər üzrə rəhbəri Piter Bukaert jurnalistlərə açıqlamasında deyib ki, İran İslam Respublikası Bəşər Əsəd rejimini qorumaq məqsədilə minlərlə əfqanlı mühacir və qaçqını müxtəlif vədlərlə məcburi şəkildə Suriyaya göndərir: «Suriyaya göndərilmiş həmin əfqanlıların çoxu bildirib ki, İran hökuməti onları təhdid edərək deyib ki, Suriyaya getməkdən boyun qaçırsalar onları ölkədən qovacaq.

İran hökumətinin isə məhz həmin təhdidləri nəticəsində, bu ölkədə qaçqın kimi yaşayan minlərlə Əfqanıstan vətəndaşı məcburi şəkildə Suriyaya göndərilmək qorxusundan müxtəlif yollarla İranı tərk edərək Avropaya qaçıblar və bu vəziyyət hələ də davam edir».

Qeyd edək ki, Bəşər Əsəd rejiminə dəstək verən və ona maddi və hərbi yardım göstərən İran hökuməti, ölkəsindəki əfqanlı qaçqınları «Fatimiyyun», pakistanlı muzdurları isə «Zeynəbiyyun» briqadası çərçivəsində birləşdirərək «Sepah» qüvvələrinin tərkibində Suriya savaşına göndərir.

Son aylarda isə Suriyada ölən «Sepah»çıların sayı yüzlərlədir. Ölənlər arasında Əfqanıstan və Pakistan vətəndaşlarının sayı çoxluq təşkil edir.

 





30.01.2016    çap et  çap et