BMT-nin xüsusi nümayəndəsi Steffan de Mistura ilə konsultasiya zamanı Suriya müxalifətinin Dəməşqlə danışıqlara başlamaq üçün öz şərtlərini açıqlayacağı gözlənilir.
Nümayəndə heyətinin əsas tələbləri blokadanın aradan qaldırılması və dinc sakinlərə atəş açılmasının dayandırılmasından ibarətdir. Əgər bu şərtlər 48 saat ərzində icra olunmasa müxalifət nümayəndələri danışıqları tərk edəcəklərini bildirirlər.
***
03:55
Suriya müxalifətinin nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərinə gəlib. ANS PRESS-in məlumatına görə, müxalifətçilərin Suriya hökuməti ilə sülh danışıqlarına gedib-getməyəcəyi hələ də sual altındadır.
Tərəflər arasında görüş ötən gün baş tutmalı idi. Lakin danışıqlarda kimlərin iştirak edəcəyi məsələsi hələ ki, görüşün baş tutmasıana mane olur. Müxalifət təmsilçiləri, həmçinin, bir sıra digər şərtlərlə də çıxış edirlər.
Şərtlərə əsasən, Suriya hökuməti bütün ölkədə humanitar yardım agentliklərinin sərbəst fəaliyyətinə icazə verməli və mülkilərə, həmçinin, xəstəxanalara hücumlara son qoymalıdır.
«Biz danışıqları başlatmağa hazırıq. Lakin biz bunun müqabilində ən azından Suriyada müəyyən irəliləyiş olduğunu görmək istəyirik. Xalqımıza qarşı qətliama son qoymalıyıq. Bizə kömək etsinlər. Suriyada qalan uşaqların həyatını xilas etməyə kömək etsinlər. Müharibənin sona çatması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Suriyada İŞİD-i məhv etmək, terrorizmə, diktatorluğa son qoymaq istəyirik», - deyə Suriya müxalifəti nümayəndə heyətinin mətbuat katibi Salim əl-Məslət bildirib.
Görüşlər baş tutacağı təqdirdə, tərəflər arasında son 2 ildə ilk dialoq olacaq. Görüşlərə Birləşmiş Millətlər Təşkilatı vasitəçilik edir.
Suriya vətəndaş müharibəsi 2011-ci ilin mart ayından bəri davam edir.