Vaxt.Az

«Qvardiyaçıların «Traktor» dərdi»


 

«Qvardiyaçıların «Traktor» dərdi» Təbrizin «Traktor» («Traktorsazi») futbol klubunun «əl-Cəzirə» üzərindəki qələbəsi və tərəfdarlarının davranışı İslam İnqilabı Keşikçilər Qvardiyasına ağır gəlib.
Qvardiyaya bağlı «yavanonline» saytı, yayımladığı bir materialda, azərbaycanlılar və «Traktor»la bağlı məkrli planının üstünü açıb. Öfkəli yazıda, son 4 ildə Təbrizin Səhənd adına stadionunda səsləndirilən «şüarların qəbuledilməz» olduğu vurğulanıb və «səlahiyyətli məsullardan bunun qarşısının alınması» istənilib.
Lent.az-ın «Amerikanın səsi»nə istinadən məlumatına görə, yazıda daha sonra qeyd olunub: «Sayca az olan məlum şəxslərin stadiona gəlməməsi üçün «Traktor»un Asiya Çempionları liqası oyunları, hətta daxili yarışmalarına qarşı dəqiq bir tədbir görülməlidir. Bu məsuliyyət ilk növbədə əyalət məsullarının, «Traktor» klubu rəhbərliyinin, sonda isə  Təbriz əhalisinin üzərinə düşür.
Əgər bunlar qeyd etdiyimiz vəzifəni yerinə yetirməkdə süstlük göstərsə, onda Təbriz əhalisinin istəyinə qarşı olaraq, «Traktor»un oyunları ölkənin başqa bölgələrində keçirilməlidir».
İnqilab Keşikçiləri və İranın ali ruhani rəhbəri Xamneyiyə yaxınlığı ilə tanınan «Cavan» qəzetinin internet səhifəsi plakatın şəklini yayaraq, «Şərqi Azərbaycan vilayəti və «Traktorsazi» klubu separatçılığın qarşısı alınmasa, bundan sonrakı oyunlar Təbrizdə deyil, başqa şəhərlərdə olmalıdır» - deyə Təbriz klubuna xəbərdarlıq edib.
Plakatın şəkilləri və videosu «facebook» kimi ictimai şəbəkələr və «Youtube»-da geniş şəkildə yayılıb və istifadəçilər arasında qızğın müzakirələr yaradıb.
Fevralın 26-da oyunda səslənən milli şüarlar və plakat ərəbdilli medianın da gündəminə çıxıb. Fələstin ərazilərində yayılan ən yüksək tirajlı «Əl-Qüds» qəzeti də plakatın şəkilini yayıb:«Azərbaycanlı azarkeşlər kütləvi şəkildə şüarlar səsləndirərək, türk dilində təhsil haqqını tələb edib və Azərbaycan Respublikası torpaqlarını işğal edən Ermənistan dövlətini dəstəklədiyi üçün İran hökumətinə etirazlarını bildiriblər»
Yazıda oyun zamanı ingilis dilində nümayiş etdirilən «Azərbaycan İran deyil!» şüarının da qvardiyada qıcıq doğurduğu xüsusi hiss vurğulanıb.
«Traktor» tərəfdarları 90 dəqiqə boyunca  «Yaşasın Azərbaycan!», «Azərbaycan var olsun istəməyən kor olsun!», «Türk dilində mədrəsə!» şüarları səsləndirib, ingilis dilində «South Azerbaiyan is not Iran!» pankartı qaldırıblar. «Azərbaycan, Azərbaycan!», «Yel yatar, tufan yatar, yatmaz «Tiraxtur» bayrağı!», «Qarabağ bizimdir, bizim olacaq!», «Azərbaycan var olsun, istəməyən kor olsun!», «Türk dilində mədrəsə - olmalıdır hər kəsə!», «Fars rasizminə son qoyulsun!».
Yürüşdə Xocalı soyqırımı da anılıb.
Təbrizin «Traktorsazi» komandası futbol üzrə Asiya Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Qeyd edək ki, İranı bu çempionatda üç futbol klubu Tehranın «İstiqlal», Təbrizin «Traktorsazi» və İsfahanın «Sepahan» klubları təmsil edəcək.
«A» qrupunda Təbrizin «Traktorsazi» ilə yanaşı Birləşmiş Ərəb Əmirliklərinin «Əl-Cəzirə», Səudiyyə Ərəbistanın «Əş-Şəbab» və Qətərin «əl-Ceyş» komandaları ilə yer alıb.
«Traktorsazi» futbol komandası hazırda İranda yüksək liqada Tehranın «İstiqlal»-ından sonra 52 xalla ikinci yerdədir.
Klubun baş məşqçisi Toni Oliveyra bildirib ki, «Traktorsazi» azarkeşləri dünyada ən yaxşı azarkeşlər qrupuna yaxındırlar.
Tehran hakimiyyəti fevralın 26-da Xocalı soyqırımı günü İranda yaşayan ermənilərin Türkiyəyə qarşı aksiyasına imkan yaratmaqla əslində həm də «Traktor»çulardan özünəməxsus acıq çıxıb.
Özlərinin qeyd etdiyi kimi «bir qrup»un haqlı milli-mədəni şüarlar deməsinə dözə bilməyən Tehran hakimiyyəti ermənilərdən maşa kimi istifadə edərək, bulanıq suda balıq tutmaq sevdasına düşüb.
 





01.03.2013    çap et  çap et