Vaxt.Az

«Plan hər dəqiqə dəyişə bilər»


 

Xaqanı Səfəroğlu: «Onlayn media ənənəvi KİV qaydalarını alt-üst edib»

«Plan hər dəqiqə dəyişə bilər» 1905.az portalının suallarını «Yeni Media Jurnalistləri» İctimai Birliyinin sədri, strateq.az saytının redaktoru Xaqani Səfəroğlu cavablandırır.

- Xaqani müəllim, 2012-ci ildə «Yeni Media Jurnalistləri» İctimai Birliyinin təsis yığıncağı keçirildi və Siz də təşkilatın sədri seçildiniz…Xeyli vaxt keçir. Gördüyünüz, görə bildiyiniz və hansısa səbəblərdən gerşəkləşdirə bilmədiyiniz işlər barədə nə deyə bilərsiniz?

- «Yeni Media Jurnalistləri» İctimai Birliyi 2012-ci ildə təşəbbüs qrupunu yaradıb və niyyətini elan edib. 2013-cü ildə isə təşkilat kimi yaradılıb. Təşkilatın məqsədi internet media sahəsində çalışan jurnalistlərin bir araya gətirmək olub. Müxtəlif saytlarda işləyən internet jurnalistləri təşkilatın üzvləridir. Biz qurumu yaradarkən ölkənin media müstəvisində yenicə təşəkkül tapan onlayn media seqmentində problemləri öyrənmək, təklifərlə çıxış etmək və bununla bağlı maarifləndirici tədbirlər keçirmək olub. Bu illər ərzində internet media ilə bağlı bir sıra təkliflərlə çıxış etmişik. İlk dəfə olaraq KİV haqqında qanunda internet media ilə boşluğun olduğunu deyərək müvafiq dəyişikliklərə ehtiyac olduğunu vurğulamışıq. Bundan savayı, onlayn media ilə bağlı bir sıra təkliflərimizi hazırlayaraq Mətbuat Şurasına təqdim etmişik. Bu illər ərzində internet media ilə bağlı bir sıra konfranslarda, toplantılarda iştirak etmişik, fikirlərimizi açıqlamışıq. «Yeni Media Jurnalistləri» ilk olaraq ölkədə İnformasiya Təhlükəsizliyi haqqında qanunun qəbul olunmasını təklif edib və bununla bağlı təkliflər paketini açıqlayıb. Təşkilat beynəlxalq əlaqələrin qurulmasına da ciddi yanaşır. Qurumun üzvləri Türkiyədə olarkən qardaş ölkənin onlayn media orqanları ilə əlaqələr yaradıb. Biz ölkənin internet KİV müstəvisini ciddi izləyirik və hər ay hesabat hazırlayırıq. Təşkilat iki dəfə ölkədə internet medianın vəziyyəti barədə sorğu keçirib və nəticələri KİV-də kifayət qədər rezonans doğurub. Bu il üçün xeyli planlarımız var. Onlayn media ilə bağlı maarifləndirici təlimlərin keçirilməsini planlaşdırırq. Eyni zamanda internet jurnalistlərinin Forumunu təşkil etmək istəyirik.


- Media mənsubunu media təşkilatı, yəni KİV deyil, QHT yaratmağa sövq edən nədir?

- Əslində bu ideya internet mediaya qarşı olan bəzi anlaşılmazlığı izah etməklə bağlı yarandı. Dünyada yeni sahə olan onlayn media hələ ki, özünün qaydalarını tam yarada bilməyib. Odur ki, bu yeni müstəvi özündən əvvəlki dövrü darmadağın edərək insanları birdən birə informasiya dənizində «batırdı». «Of-layin» medianın, yəni qəzet erasının sakinləri bu informasiya dalğası qarşısında şaşqın vəziyyətə düşdülər. İlk baxışda bütün xəbərlər əlçatan oldu: Nə istəsən oxuya bilərsən, ürəyin nə istəsə yaza bilərsən. Amma bu getdikcə özü ilə bərabər onlayn mediada etibarlıq, etik davranış və peşəkarlıq problemlərinin müzakirəsini gətirdi. İndi dünyada bu məsələlər ciddi şəkildə müzakirə edilir. Azərbaycan da onlayn media trendinin daşıyıcısıdır. Sadaladığımız problemlər bizdə də mövcuddur. «Yeni Media Jurnalistləri»ni qurmaqla ölkənin internet media seqmentindəki problemləri birgə müzakirə etmək, bu gün bu sahədə tələb olunan peşəkarlıq standartlarını aşılamağa kömək etmək istəyirik.


- Bir az sizin media yolunuzdan danışaq.

– 90-cı illərdə, tələbə olarkən jurnalistikaya gəlmişəm. Müxtəlif vaxtlarda KİV-də yazılarım gedib. «Olaylar», «7 gün», «Sara ekspress», «Panorama»qəzetlərində… İlk daimi iş yerim «Elita» qəzeti olub. 1996-99-cu illərdə burda çalışmışam. Daha sonra necə deyərlər «KİV buketi» gəlir: «Midiya Press» İA, «Mərkəz», «Xalq Cəbhəsi», «Yeni Zaman», «Avropa» qəzetləri… 2003-cü ildən «Ayna-Zerkalo» qəzetində fəaliyyətimi davam etdirmişəm. 10 il qəzetin Milli Məclis üzrə müxbiri olmuşam. «Buket»in daxilində internet mediası da var. 2010-cu ildən 2014-cü ilə qədər «Modern.az saytında redaktor olmuşam. Hazırda strateq.az saytında redaktor vəzifəsində çalışıram.  Üst-üstə hesablasaq 20 ilə yaxındır mətbuatdayam.


- Əlahəzrət oxucunun, dinləyicinin, Tamaşaçının tələbləri yerinə yetirilir bizim media tərəfindən? Və bir də, ticarətdə (bizim ticarətə dəxli yoxdur ha) deyirlər ki, guya alıcı həmişə haqlıdır. Oxucu necə, həmişə haqlıdır, yoxsa?

- Bu bir az qəliz məsələdir. Bura informasiya «bazar»ıdır. Oxucu dürüst, doğru xəbər istəyir. Əgər sən doğru xəbər «sata» bilirsənsə «bazar»da həmişə qazancın olacaq. İş elə gətirib ki, onlayn media bütün ənənəvi KİV qaydalarını alt-üst edib. Mən tez-tez qəzet baş redaktorlarının internet KİV barədə qəzəbli açıqlamalarını oxuyuram. Çünki dünənə qədər informasiyanın oxucuya çatdırılmasında qəzet əsas rol oynayırdı. Yəni qəzet nə yazırdısa oxucu onu oxumağa məcbur idi. Oxucu passiv idi və onu jurnalist yönləndirirdi. Amma indi internet erası bütün məsələləri dəyişdirib. Sosial şəbəkələr, sosial media və internet media bir yerdə fəaliyyət göstərir. «Facebook»da yayılan bir xəbər sürətlə ictimai rəydə yayılaraq trendə çevrilir. Bu zaman onlayn media nə etməlidir? İnternet jurnalistika bütün xəbərləri izləməlidir. Qəzet satışdan asılı idi, onlayn media İP –adresdən. Yəni sənin tanınmış brendə çevrilməyin birbaşa internet istifadəçisindən, onun «oturduğu» sosial şəbəkədən birbaşa asılıdır. Əsas məsələ informasiyanın düzgün araşdırıb çatdırmaqdır. Çünki onlayn medianı oxucudan kompyuterin ekranı ayırır. Bu tərəfdə oxucu, o tərəfdə jurnalist əyləşib. Trafikə pul verən oxucu saytdan onu maraqlandıran yazını, məlumatı axtarır. Doğru məlumatı. Əgər sayt davamlı yalan xəbər yayarsa sadəcə oxucu saytı bağlayıb oranı tərk edəcək. Bu isə onlayn media üçün arzuedilməzdir. Əsas problem internet jurnalistikada peşəkar komandanı formalaşdırmaqdır. İnternet jurnalist yazı yazan, şəkil, video çəkən, xəbəri sayta özü qoyan, redaktə edən şəxsdir. O, bütün texnoloji biliklərə malik olmalıdır. Bizdə artıq belə internet jurnalistlərin ilk dəstəsi yaranıb. Odur ki, məncə onlayn media oxucu tələbini ödəyə bilir. Belə demək olarsa öz oxucusu ilə birgə işləyir.


- Bir saytda dərc edilmiş materialın başqa sayt tərəfindən götürülüb, necə deyərlər, nöqtəsinə, vergülünə toxunmadan, müəllifin, saytın adını da ixtisar etməklə dərc edilməsi sadəcə olaraq peşə etikasının defisitidir?

- Plagiat bütün hallarda pisdir və ayıbdır. Bizdə internet medianın ilk dövrlərində belə hallar çox olsa da zaman-zaman bu azalmağa başladı. İndi saytlar bir-birinə istinad edirlər və bu çox yaxşı tendensiyadır. Burada utanmalı heç nə yoxdur. Mən hətta yazı müəllifinin ad və soyadının da qeyd olunmasının tərəfdarıyam.

Dünyada xəbəri istinad olunan saytın linkinin yazının içərisinə qoyulması ənənəsi var. Bu həm həmkarlara hörmət, həm də həmrəyliyi gücləndirən amildir.  Lakin özünə ciddi və peşəkar sayan istənilən saytın öz istehsalı olan xəbərləri ona daha çox hörmət gətirir.


- Yaradıcılıq planlarınız necədir? Ümumiyyətlə, mediada plan cızmağa dəyər?

- Yaxşı yazılar yazmaq, maraqlı müsahibələr götürmək. Jurnalistikada qoca, cavan anlayışı yoxdur. Jurnalist hardasa aktyor kimidir. Əgər formadadırsa həmişə yazacaq. Mövzu isə həddən artıq çoxdur. Mediada plan? Ağlasığmaz sürət müstəvisi olan internet mediada işləyirsənsə, belə plan tutmaq çox çətindir. Plan hər dəqiqə dəyişə bilər.

 





01.02.2016    çap et  çap et