Heç kimə sirr deyil ki, azərbaycanlı məmur və deputatların çoxu xidməti maşın kimi bahalı «Mercedes S-klass» və «BMW-745» markalı avtomobillərə üstünlük verirlər. Onların tərcih etdiyi avtomobillərin qiyməti 80 min- 200 min dollar arasında dəyişir, bəzən hətta bundan da baha olur. Rayon və şəhər icra hakimiyyəti başçıları isə təxminən 100 min manatlıq BMW-də özlərini daha komfortlu hiss edirlər.
Milli Məclisin komitə sədrlərinin xidməti avtomobili qiyməti 70-100 min dollar arasında dəyişən «Mercedes E-Class»dır. Dövlət orqanları və rəhbər şəxslərin xidməti avtomobilləri arasında Almaniya istehsalı olan «Audi»lərin sayı da kifayət qədərdir. Məlumat üçün bildirək ki, «Audi A6» modelinin satış qiyməti 45 min-70 min manat, «Audi A8» modelinin qiyməti isə 150 min-200 min manat civarındadır.
Bu cür bahalı avtomobil sahibləri ölkə başçısının tövsiyəsinə əməl etmək xətrinə büdcəyə ziyan vuraraq, qiyməti 10-35 min manat arasında dəyişən «NAZ-Lifan» sifariş verməyə başlayıblar...
Ekspertlərin təxmini hesablamalarına görə, bu gedişlə 2016-cı ilin 2-ci rübündə xidməti avtomobillərin alınmasına 5 milyon dollar vəsait sərf ediləcək.
Büdcədən pullar silinəcək...
İqtisadçı Samir Əliyev Modern.az saytına deyib ki, məsələnin kökündə yenə də büdcə pullarının səmərəsiz xərclənməsi durur:
«Bu vaxta qədər onsuz da bu addımlar atılıb, vəsait necə, hara gəldi sərf olunub. Bahalı mebellər, xidməti avtomobillər, müxtəlif avadanlıqlar və s. alınıb.
Rusiyada, Gürcüstanda bu işlər sistematik şəkildə icra edilir. Məsələn, dövlət qulluqçularının xidməti avtomobillərinə dair normativlər müəyyən edilir. Yəni qurumların seçdiyi avtomobillər müəyyən edilən qiymətə və markaya uyğun olmalıdır».
Məmur niyə «Mersedes»də gəzməlidir ki?!
Ekspert bildirir ki, qənaət rejiminə hələ gəlirlərin yüksək olduğu dönəmlərdə keçmək lazım idi:
«Nəyə görə hansısa qurum xidməti avtomobil olaraq «Mersedes», BMW almalıdır? Olmazdımı ki, elə əvvəldən daha ucuz avtomobillərə üstünlük verilsin?
Son 10 ildə neftin bahalaşması fonunda əldə edilən gəlirlər çox səmərəsiz xərclənib. İndiki situasiyada mümkün qədər büdcə xərclərinə qənaət etmək vacibdir. Bu baxımdan dövlət qurumlarına çəkilən xərclərin azaldılması gündəmdədir.
Yeli istehsalın stimullaşdırılması da vacib amillərdəndir. Baxmayaraq ki, «NAZ-Lifan»nın detalları Çindən gətirilir, amma Azərbaycanda yığılır. Bu baxımdan onu tam yerli istehsal da hesab etmək olmaz. Hər bir halda Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin alınması müsbət haldır. Başqa bir ölkədən alıb gətirməkdənsə, həm iş yerlərinin açılması, həm də gəlir əldə etməklə büdcəyə vergi ödənilməsi baxımından səmərəlidir».
Göstəriş xətrinə atılan addımlar...
İqtisadçı qeyd edir ki, alınması vacib olanda «NAZ-Lifan»a müraciət edilməlidir, yoxsa göstəriş xətrinə deyil:
«Sual yaranır ki, hamının təcili olaraq «NAZ-Llifan» almasına nə ehtiyac var?.. Bu gün hətta vaxtilə yüksək qiymətə alınmış avtomobillər var ki, onların köhnəsini satmaqla 2 ədəd «NAZ-Lifan» almaq olar.
Hesab edirəm ki, Prezidentin göstərişini yerinə yetirmək adı altında büdcədən pulların silinməsi üçün zəmin yaranmaqdadır. Bu, narahatlıq yaradan məqamdır və məsələyə çox böyük nəzarət olmalıdır. Vaxtilə alınmış avtomobillər məcburiyyətdən satılmamalıdır, ancaq alınması nəzərdə tutulan avtomobillər alınmalıdır. Bunun bütün dövlət qurumlarına məcburi şəkildə şamil edilməsi yolverilməzdir.
Tələsik qərarlar və yanlış idarəetmə
S.Əliyevin fikrincə, tələsik verilən qərarlar idarəetmənin düzgün qurulmamasına dəlalət edir:
«İdarəetmə düzgün qurulmayanda həyata keçirilən tədbirlərin heç bir səmərəsi olmur. Ən xoş təşəbbüs belə, daha çox zərər vurmağa başlayır. Hələ 1990-cı illərdə Rusiyada Yeltsin tərəfindən «hamı yerli mal alsın», Azərbaycanda da 2000-ci ilin əvvəllərində eks-nazir Fərhad Əliyevin dövründə «Hamı yerli mal alsın, xeyir vətənə qalsın» kampaniyası aparılırdı.
Düşünürəm ki, hər bir dövlət buna önəm verməlidir. Amma gözəl təşəbbüsün - hansı ki, bu vaxta qədər edilməli idi, amma edilməyib - mövcud idarəetmə zamanında həyata keçirilməsi zamanı neqativ hallar meydana gələcək. Büdcə pulları səmərəsiz xərclənəcək. Ehtiyac olmadan həmin avtomobilləri alınması prosesi həyata keçiriləcək. Düşünürəm ki, bunun qarşısı alınmalıdır. Bu mənada Hesablama Palatası və Maliyyə Nazirliyinin üzərinə böyük yük düşür».