Vaxt.Az

Prezident «Bürc-Xəlifə»də


 

İlham Əliyev dünyanın ən hündür məscidi ilə tanış olub

Prezident «Bürc-Xəlifə»də Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidən Dubaya gəlib. Vaxt.az xəbər verir ki, Prezident İlham Əliyev Dubaydakı məşhur «Bürc-Xəlifə» binası ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, dünyanın ən böyük göydələni olan «Bürc-Xəlifə»nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub. Əvvəllər «Bürc-Dubay» adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da «Bürc-Xəlifə» dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.

Dünya memarlığının nadir incilərindən olan «Bürc-Xəlifə»nin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib. Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir. «Bürc-Xəlifə»nin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir. Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın daxili məxsusi olaraq «Bürc-Xəlifə» üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. «Bürc-Xəlifə» öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.

 





02.02.2016    çap et  çap et