Vaxt.Az

«Patriot»lar Türkiyəyə qayıdır


 

«Moskva NATO-nu təxribata çəkir»

«Patriot»lar Türkiyəyə qayıdır Rusiyanın Türkiyənin hava məkanını növbəti dəfə pozması, Ankaranı sərt addımlar atmağa məcbur edib. Ötən yay geri göndərilmiş «Patriot» raketləri yenidən «İncirlik» bazasında quraşdırılacaq. Bunun üçün hərəkətə keçən rəsmi Ankara, bazada hərbi personalı və təyyarələri olan ABŞ və Almaniyaya müraciət edəcək.

Məsələ burasındadır ki, «Patriot» hava hücumundan müdafiə sistemləri məhz bu iki dövlətin inventarındadır. Ankaranın çağırışından sonra sistemin Türkiyə-Suriya sərhəddinə yerləşdirilməsi planlaşdırılır. Səudiyyə Ərəbistanı səfərindən qayıdan Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Rusiyaya məxsus «Su-34» qırıcı təyyarəsinin Türkiyənin hava sərhəddini pozması faktdır və heç kim bunun əksini iddia edə bilməz. Lakin bundan sonrakı oxşar hadisələrə görə heç kim bağışlanılmayacaq.

Davudoğlu Rusiyaya məsləhət görüb ki, hadisə ilə bağlı NATO-nun baş katibi Yens Stoltenberqə izahat versin.

Yeri gəlmişkən, hadisəyə münasibət bildirən NATO-nun baş katibi sərhəd pozuntusunun təkcə Türkiyə hava məkanına aid olmadığına diqqət çəkib. O bildirib ki, Moskva təkcə Ankaranı deyil, bütövlükdə NATO-nu təxribata çəkir ki, bu da ruslara yaxşı heç nə vəd etmir.

Rusiya isə ittihamları qəti şəkildə rədd edir. Kremlin mətbuat katibi Dmitriy Peskov bəyan edib ki, Rusiya Türkiyənin hava məkanını pozmayıb.

 





02.02.2016    çap et  çap et