...Bu yaxınlarda dostum 1-ci sinfə gedən nəvəsinə ad günü keçirirdi. Ailə tədbirinə mən də dəvət almışdım. Məclis çox gur və şən idi. Səbəbkarın, valideynlərinin, nənə-babalarının, qohum-əqrabanın sağlığına badələr qaldırdıqdan sonra, nəhayət ki, mikrofonu balaca Akşinə uzatdılar. Tamada hamını sakitliyə dəvət edəndən sonra səbəbkar məxsusi əzbərlədiyi bir «şeir»i söylədi. Bu yaşda uşaqlara, adətən, «Uşaq və buz», «Can gülüm, can-can», yaxud «Azərbaycan» şeirini öyrədirlər. Amma balaca səbəbkar hansısa reperin yazdığı bir «cızma-qara»nın mətnini birnəfəsə dedi. Mənasız, boş söz yığnağı. Açığı, heç nə anlamadım.
Gurultulu alqışlardan sonra tamada Akşindən hətta «müsahibə» də aldı.
- Akşin balamız, de görüm, böyüyəndə kim olmaq istəyirsən?
Səbəbkar heç fikirləşmədən böyüklərə xas tərzdə, lakin görünür, mənasını dərk eləmədiyi iki söz dedi:
- «Vor zakon»!
Elə bil qurbağa gölünə daş atdılar. Hamı təəccüblə bir-birinə baxdı. Tamada da aldığı cavabdan özünü bir qədər itirmiş kimi oldu.
- Akşin bala, bəlkə səhv edirsən, axı gör nə qədər yaxşı sənət, peşə var, məsələn, həkim, bankir, alim, biznesmen...
Akşin dediyində israrlı idi:
- Yox! «Vor zakon»! Onu hamı tanıyır, hamı ona hörmət eləyir. Silahı, pulu, dəstəsi də var. Klass! Bomba! Ermənilər də qorxur ondan! Yessssss.
Tamada arif adam olduğundan başa düşdü ki, bu inadkar Akşini fikrindən döndərə bilməyəcək, ona görə də səbəbkara «əsl kişi kimi böyüməyi» arzuladı. Məclis əhli də çox dərinə getmədi, elə bu fikri alqışlayıb «işinə» davam etdi.
Foyedə bir neçə yaşıdı ilə əcaib səslər çıxarıb ora-bura qaçan Akşini, nəhayət ki, yaxalaya bildim.
- Doğrudan «vor zakon» olmaq istəyirsən?
- Hə, özü də ən yekəsindən!
- Axı, onlar oğurluq edir, adamların malını, pulunu əlindən alır, buna görə də polis onları tutur, türməyə salır, «vor zakonlar» amansız olur, bir-birini öldürür...
- Noolsun ki! Onlar çox güclüdür, dostları da, pulları da çoxdur. Atam gecə-gündüz internetdə onlar barədə oxuyur, dostları da gələndə vor zakonlardan elə maraqlı şeylər danışırlar ki... Sinfimizdə də biz uşaqlarla «vor zakon» oynayırıq. Bax, mən Ded Xasanam, parta yoldaşım Vüqar isə «Lotu Qulu»dur, Azər...
- Kifayətdir. Bəs de görüm, bizim milli qəhrəmanlardan, generallarımızdan kimin adını bilirsən?
- ...
- Bəstəkarlarımızdan kimi tanıyırsan?
- ...
- Olimpiya çempionlarımızdan ən çox azarkeşlik etdiyin kimdir?
- ...
- Baxdığın filmlərdən hansı qəhrəmana oxşamaq istərdin?
- Remboya!
- Qaçaq Nəbi, Babək, Koroğlu haqqında eşitmisən?
- Yox...
- Məlikməmmədin nağılını oxuyublar sənə?
- Kitab oxumuram, repə qulaq asıram, bir də meyxanaya!
Vəssəlam! Müsahibə bitdi. Ad günündə səbəbkarı çox yormaq istəmədim. Akşin özü kimi hay-küylü dostlarına qoşulub foyedə qaçışmağa başladı. Mən isə hələ də onun dedikləri barədə düşünürdüm. Bəzi internet saytlarında, qəzet səhifələrində ucuz reklam xatirinə oğru dünyasının «ulduzları» barədə geniş xəbərlər, bol-bol reportajlar, qalaq-qalaq kitablar dərc edəndə nəyi və kimi düşünürük? Cırtdanı və Məlikməmmədi, Qarabağ uğrunda canından keçmiş qəhrəmanları tanımayan, dünyaya Rembonun gözləri ilə baxan balaca akşinlər gələcəkdə hansı məfkurəyə sahib olacaq?