Vaxt.Az
«Mübariz heykəl»
Rəssamlıq Akademiyasında Milli Qəhrəman Mübariz İbrahimovun heykəli qoyulub. O, döyüş zamanı, əlində silahla hücuma keçərkən təsvir olunub. 2,2 metr hündürlüyündə olan heykəl Akademiyanın məzunu Vüqar İmanquliyevin əlindən çıxıb. Bu abidə gənc heykəltəraşın “Diplom işi”dir.Vüqar heykəlin hazırlanmasına 4 aya yaxın vaxt sərf edib. Dediyinə görə, çoxdandır vətənpərvərlik mövzusunda əsər yaratmaq istəyirmiş. Ona görə “Diplom işi” vaxtı gələndə o qədər də çox fikirləşməyib – Mübariz İbrahimovun obrazını yaratmaq qərarına gəlib: “Təklifimi diplom rəhbərim Tokay Məmmədova bildirəndə çox razı qaldı. İşə başladım.
Ən çətini bu təsviri alana qədər idi”.
Vüqar istədiyinə nail olana kimi 10-dək eskiz hazırlayıb. Nəhayət, bu variantın üzərində dayanıb: “Rəssamlıqdan fərqli olaraq heykəltəraş yalnız bir fiqurda bütün mühiti çatdırmağı bacarmalıdır. Rəsm əsərində fon vasitəsilə bunu etmək olur. Bizim peşəmizdə isə belə deyil”.
Rəssamlıq Akademiyasının foyesində öz yerini tutan heykəl gipsdən hazırlanıb. Lakin binadan çıxarılsa, onu ən azı betondan, yaxud bürüncdən tökmək lazım gələcək. V.İmanquliyev deyir ki, heykəlin Tovuzda yerləşdirilməsi üçün yerli icra hakimiyyətindən ona müraciət olunub.
Artıq orada abidənin yerinin hazırlanması üçün qazıntı işləri aparılır: “Tovuz rayon İcra Hakimiyyətinin başçısı heykəlin şəklini görüb və bəyənib. Məni tapıb heykəlin Tovuz rayonunda qoyulmasını təklif etdilər. Çox sevindim. Bu cür mərd oğullarımız hansısa formada vəsf olunmalıdır, unudulmamalıdır. Biz də bu işə bacardığımız töhfəni veririk”.
Gənc heykəltəraş bundan əvvəl də Mübarizin obrazına müraciət edib. Bir il əvvəl Azərbaycan istiqlaliyyəti mövzusunda keçirilən sərgi üçün Milli Qəhrəmanın kiçik ölçüdə, başqa eskiz əsasında heykəlini hazırlayıb. Həmin vaxt 50 sm hündürlüyündə hazırlanan heykəli sonradan İstiqlal Muzeyi alıb. Vüqarın Mübarizə həsr etdiyi həmin əsər indinin özündə də muzeydə nümayiş etdirilir.
20.06.2012 çap et