Bunu APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən Ermənistan mətbuatının guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus pilotsuz uçan aparatın (PUA) vurulması barədə yaydığı məlumata münasibət bildirərkən deyilib.
MN-dən bildirilib ki, bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.
«Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, «vurduqları» PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.
Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər», - deyə MN-dən bildirilib.
13:16
Ötən axşam ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğal altındakı Xankəndində Dağlıq Qarabağ qondarma rejiminin rəhbərliyi ilə görüş keçirdiyi saatlarda şəhərdə eşidilən partlayışların və pulemyot səslərinin səbəbi məlum olub.
Virtualaz.org xəbər verir ki, qondarma rejimin güc strukturlarındakı mənbələr ötən axşam Xankəndinin üzərində Azərbaycana aid pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu «İnterfaks»a bildirib.
Mənbə bildirib ki, pilotsuz uçan aparat döyüş təyinatlı deyil, kəşfiyyat təyinatlı olub. O, yerdən Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub. Mənbə təsdiq edib ki, həmin saatlarda Xankəndində həmsədrlərin danışıqları gedirdi. «İnterfaks» ilk dəfədir Azərbaycanın Xankəndi üzərinə pilotsuz təyyarə göndərdiyini bildirir.
Xatırladaq ki, ötən axşam Xankəndində həmsədrlərin görüşlərini izləyən rusiyalı jurnalistlər şəhərdə güclü partlayışların və pulemyot səslərinin eşidildiyini xəbər veriblər. Separatçı rejimin təmsilçiləri bu partlayışlarla bağlı izahat verməyib. Daha sonra «İnterfaks» ehtimal edib ki, partlayış və atəş səsləri döyüşlərin dayanmasından sevinən ermənilərin bayram atəşfəşanlığı ola bilərdi...