Vaxt.Az

Bank Standart «Çudo peçka»dan nə istəyir?


 

Tanımış marka bank fırıldağının qurbanı olub

Bank Standart «Çudo peçka»dan nə istəyir? «Çudo Peçka» MMC-nin sahibi Çingiz Cəlilovla «Bank Standart» arasındakı pul qalmaqalı və məhkəmə çəkişmələri davam edir. Vaxt.az-a bu qalmaqalla bağlı maraqlı və şok məlumatlar daxil olub. Həmin məlumatı təqdim edirik:

«Çudo Peçka» MMC Cəlilov Çingiz Asim oğlu tərəfindən yaradılıb (18 yanvar 2002-ci il tarixdə onun adına qeydiyyatdan keçib) və sonuncuya məxsus olub. Çingiz Cəlilov uzun müddət öz iş fəaliyyətində «Bank Standart» QSC ilə əməkdaşlıq etmiş və onların arasında kredit münasibətləri mövcud olub. 2011-ci ilin əvvəlində «Bank Standart» QSC-nin idarə heyətinin sədri Səlim Kriman, «Çudo Peçka» MMC və bu ad altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin «Bank Standart» QSC-nin idarəçiliyinə verməsini, həmçinin «Çudo Peçka» MMC-nin təsis payından 10 faizi isə şəxsən ona güzəşt edilməsini Çingiz Cəlilova təklif edib. Bunun müqabilindəSəlim Kriman müəssisənin Banka olan kreditinin silinəcəyini, mağazalar şəbəkəsinin inkişaf etdiriləcəyini və hər ay Ç.Cəlilova müəssisədən əldə edilən gəlirlə yanaşı, ayrıca olaraq 30.000 azn ödəcəyəyini söz vermişdir. Bu təklifi müsbət qiymətləndirən Ç.Cəlilov, Səlim Krimana inanaraq, onunla razılaşmış, «Bank Standart» QSC-nin idarə heyətinin sədri kimi Səlim Kriman ilə 03 fevral 2011-ci il tarixdə müqavilə bağlamış və yuxarıda göstərilən şərtlər və öhdəliklər həmin müqavilədə rəsmiləşdirilib.

Bü müqavilənin bağlanılması ilə eyni zamanda Cəlilov Çingiz «Çudo Peçka» MMC-nin təsis payından 10 faizinin Səlim Krimanın adına olan Koykos adalarında qeydiyyatdan keçməsi göstərilən «KEA Holdings Limited» adlı ofşor şirkətə əvəzsiz olaraq güzəşt edilməsi barədə, həmçinin «Çudo Peçka» MMC-nin isə «Bank Standart» QSC-nin yaratdığı və onun iradəsi ilə hərəkət edən «Bakery Operating Company» MMC-yə kənar idarəçiliyə verilməsi barədə müqavilələr bağlanılıb.

Beləliklə, «Bank Standart» QSC-nin idarə heyətinin sədri Səlim Kriman «Çudo Peçka» MMC-nin təsis payından 10 faiz əldə etməklə yanaşı (qalan 90% hazıra qədər Cəlilovlara məxusdur), «Çudo Peçka» MMC-ni də tam şəkildə ələ keçirərək onu idarə etməyə başlayıb. Göstərilən müqavilələr bağlanıldıqdan 1 il sonra, 2012-ci ilin fevral ayında Səlim Kriman «Çudo Peçka» MMC-ni inkişaf etdirmək məqsədi ilə böyük məbləğlərdə pula eytiyac olduğunu bəhanə edərək, Cəlilov Çingiz və onun yaxın qohumlarına,  doğma qardaşı və iki oğluna kredit müqavilələrinə imza etdirməklə, «Bank Standart»dan 20 milyona yaxın vəsait ayrılmasına nail olub.

Qeyd etmək lazımdır ki, külli miqarda pul vəsaitlərinin «Çudo Peçka» MMC-nin inkişaf etdirilməsi üçün ayrıldığını bəhanə edərək Səlim Kriman həmin pul vəsaitlərini şəxsən Cəlilovlara verməyib. Cəlilovların həmin dövrdə pul vəsaitlərinin «Çudo Peçka» MMC-nin fəaliyyətinə sərf olunmasına şübhələri olmayıb və onlar Səlim Krimana etibar ediblər. Lakin, 2014-cü il tarixdən «Bank Standart» QSC-nin onları məhkəməyə verdiyini və onların iştirakı olmadan olmadan məhkəmə qətnaməsinin qəbul edildiyini və külli miqdarda pul vəsaitlərinin onlardan tutulduğunu eşitdikdə, buna çox təəcübləniblər. Sonradan məsələ ilə maraqlandıqları zamanı Səlim Krimanın işdən kənarlaşdırıldığını eşidib və almadıqları pul vəsaitlərinin onlardan tutulacağını başa düşüblər. Bir müddət məhkəmə çəkişmələri davam edib. Nəhayət Cəlilovların hüquqşünasının «Bank Standart» QSC-yə rəsmi müraciətindən sonra, 2015-ci ilin avqust ayında ona Cəlilov Çingiz Asim oğlunun Bank hesabından kredit kimi ayrılmış pul vəsaitləri ilə əlaqədar aparılmış bank əməldiyyatları barədə çıxarış təqdim olunub. Bu zaman müəyyən olunmuşdur ki, Cəlilov Çingiz Asim oğlunun hesabında olmuş külli miqdarda, milyonlarla pul vəsaitləri «Çudo Peçka» MMC-nin inkişaf etdirilməsi üçün deyil, çoxlu sayda ayrı-ayrı şəxslərin adlarına olan hesablara köçürülüb. Bununla əlaqədar, Cəlilovlar onların bank hesablarında olan kredit kimi ayrılmış pul vəsaitlərinin kimlərin hesabına və hansı məqsədlərlə köçürülməsinin aydınlaşdırılması üçün Banka rəsmi müraciət  ünvanlayıb, Bank bununla bağlı sənədlər təqdim etməkdən boyun qaçırdığından sonuncular iddia ərizələri ilə məhkəmələrə müraciət ediblər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cəlilovların iddiası təmin olunmuş, sonuncuların bank hesablarından külli miqdarda pulları kimlərin və hansı məqsədlərlə başqa şəxslərin hesablarına köçürmələri barədə sənədlərin Cəlilovlara hesab sahibləri kimi təqdim edilməsi vəzifəsi Banka həvalə edilib.

«Bank Standart» QSC bu sənədləri təqdim etməmək üçün bütün qüvvəsini toplayaraq, Bakı Apellyasiya Məhkəməsində rayon məhkəməsinin qətnaməsinin ləğv olunmasına nail olub. Hazırda həmin işdən Azərbaycn Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilib. Qəribədir, «Bank Standart» QSC-nin rəhbərliyi Cəlilovların adına açılmış bank hesablarından külli miqdarda pulların kim tərəfindən çıxarılmasını və kimlərin hesablarına, hansı məqsədlərlə köçürülməsi barədə sənədləri nə üçün təqdim etməkdən belə çəkinir. İstər-istəməz sual yaranır, əgər «Bank Standart» QSC-nin  Cəlilovların hesabları üzərində sərəncam vermək, orada olan istədikləri kimi istifadə etmək səlahiyyətləri olmuşsa, yəni Bankın hərəkətləri qanuni olubsa, onda həmin hesablardakı pulların hansı məqsədlərlə sərf edildiyini Bank nəyə görə gizlədir. Hazırda, Cəlillovlar «Bank Standart» QSC-nin rəhbərliyi, o cümlədən onun idarə heyətinin sədri Səlim Kriman tərəfindən aldadıldıqlarını anlamış, həm şirkətlərinin Bank tərəfindən ələ keçirildiyini (5 il ərzində Bank Standart mağazalar şəbəkəsini işlədərək Cəlilovlara heç bir hesabat verməyib), həmçinin də onların adına ayrılmış külli miqdarda pul vəsaitlərinin mənimsənildiyini başa düşüblər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 





11.04.2016    çap et  çap et