Kampaniyaya təşkilatçılığı «My Stealthy Freedom» («Mənim gizli azadlığım») adlı onlayn hərəkat edib.
Həmin hərəkat keçmişdə də buna bənzər itaətsizlik aksiyaları keçirib.
Kampaniyaya 2 il bundan əvvəl start verilib.
Ötən dövr ərzində şəbəkələrdə İran qadınlarının hicabsız çəkdirdiyi onlarla şəkil dərc olunub.
Sonuncu kampaniyaya səbəb isə Fransa Hava Yolları şirkətinin uçuş heyəti üzvlərilə bağlı baş vermiş qalmaqallı hadisə olub.
Şirkətin 8 illik fasilədən sonra Tehrana uçuşları bərpa etdiyi elan olunduqdan sonra, bir neçə qadın əməkdaş Tehrana çatanda hicab geymək barədə daxili təlimata etiraz edərək, onları İran marşrutundan çıxarmağı tələb ediblər.
Nəticədə qadın əməkdaşlar aviaşirkətlə hüquq müstəvisində çəkişməni udublar.
Bazar ertəsi Air France şirkəti elan edib ki, İrana uçmaq istəməyən qadın əməkdaşlara digər marşrutlara keçməyə icazə veriləcək.
Bu problemi bir qədər də qabartmaq üçün «My Stealthy Freedom» kampaniyasının fəalları İrana baş çəkmək istəyən bütün xarici turistlərə orada hicabsız şəkil çəkdirib sosial şəbəkələrdə yerləşdirmək barədə çağırış ediblər.
Həmin şəkillər istifadəçilər tərəfindən artıq on minlərlə dəfə paylaşılıb.
Fotoları paylaşılan qadınlar eyni zamanda İran qadınları ilə həmrəy olduqlarını da bildiriblər.
«My Stealthy Freedom» kampaniyasının təşkilatçısı Məsih Əlinejad təsdiqləyib ki, sosial şəbəkələrdə fotoları paylaşılan qadınların hamısı İranı problemsiz tərk edə biliblər.