Mehmanxananın yeraltı park ərazisi kralın maşın karvanı üçün kiçik olub.
Kral Əl Səud xarici səfərləri zamanı həm təhlükəsizlik, həm də tənhalığı xoşlamasıyla əlaqədar bütün hoteli rezervasiya etməsiylə məşhurdur. Ankaranın dəbdəbəli rayonunda yerləşən yeni beş ulduzlu hotel prezidentin iqamətgahının və hakim partiyanın mərkəzi ofisinin yaxınlığındadır.
İndi mehmanxana üç gün ərzində yalnız krala və onu müşayiət edən heyətə xidmət edəcək. Hoteldə mövcud olan yüzdən çox nömrə bronlaşdırılıb və xüsusi buraxılış rejimi yaradılıb.
Səudiyyə Ərəbistanı kralı üçün Türkiyəyə qida, paltar, yataq dəstləri və hətta şəxsi gigiyena əşyaları olan bir neçə yük maşını gətirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səudun Türkiyəyə səfəri aprelin 11-dən 15-dək davam edəcək. Ankaraya səfərindən sonra kral İstanbula yollanacaq və orada aprelin 14-15-də keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitində iştirak edəcək.