Vaxt.Az
«Muzeylərimizin dərdləri»
Təmiz, səliqəli küçələri, özünəməxsus nizamı olan Şəki.
Bu şəhəri dərhal bəyəndik. Məşhur Şəki pitisi və paxlavasının dadına baxıb yerli sakinlərin şirin ləhcəsində onlarla dadlı-duzlu söhbətlər apardıq. Məlum oldu ki, tətili Şəkidə keçirməyin ayrı bir ləzzəti varmış. Çünki burada rəsmi konsert proqramından savayı yerli sakinlərin özləri də əməlli-başlı atəşfəşanlıqla bayram qeyd edirlər. Bunun üçün Gəncə məhəlləsində bir neçə gün öncədən səhnə qurulur, pəhləvanlar, el sənətçiləri dəvət olunur, tamaşanın sonunda da alovu Şəkinin hər yerindən görünən tonqal yandırılır.Şəkiyə ilk səfərim olduğu üçün əsl turist kimi şəhərin tarixi yerlərini, muzeylərini gəzməyi borc bildim. Xan sarayının əsrarəngizliyi, Xan bağındakı 300 yaşlı çinarlar... Bu yerləri dolaşmaq əlbəttə, insanda gözəl ovqat yaradır, özünü qədim dövrlərdəki kimi hiss edirsən. Amma keçmişə səyahətdən ayılıb reallığı görəndə istər-istəməz qanın qaralır.
Azərbaycanlılardan fərqli olaraq, xarici turistlər mütləq getdikləri yerdə muzeylərə baş çəkirlər. Adətən bu siyahıda ilk yerlərdə tarix muzeyi dayanır. Şəkidə də Tarix Muzeyi fəaliyyət göstərir. Keçmiş kazarmanın binasında yerləşən muzey binası nədənsə tamamilə çəhrayı rəngə boyanıb, içərisi də çox soyuqdur. Ona görə muzey işçisinin ardınca düşüb, deyilənlərə tələsik qulaq asıb, əlavə sual vermədən binadan mümkün qədər tez çıxmağa çalışırsan. Bəzi eksponatlar çox sadə, sıradan görünür. Məsələn, Şəkidə rast gəlinən bitkilərin herbarisi, heyvanların müqəvvası, onlar arasında da tükləri tökülmüş, dəriləri yoluq olanları var. Düzdür, muzey işçiləri binanın tezliklə təmirə dayanacağını dedilər. Amma muzeyi bu durumda açıq saxlayıb gəlib-gedənə göstərməyin nə mənası? Ümumiyyətlə,Tarix Muzeyində bitkilər, heyvanlar haqqında məlumatın verilməsi nə dərəcədə önəmlidir?
Diqqətçəkən digər məqam eksponatların oxşarlığı idi. Tarix muzeyinin 200 metrliyindəki Xalq Tətbiqi Sənət Muzeyində gördüklərimizin demək olar 20 faizini artıq birincidə seyr etmişdik: hər iki muzeydə Şəki xanlığı dövründə otaqların quruluşu, milli geyimlər, orta əsrlərdə məişətdə, ovda istifadə olunan alətlər var idi.
Şəkinin Kiş kəndindəki alban məbədi də neçə ildir muzey kimi fəaliyyət göstərir. Amma burada tamam fərqli durumu müşahidə etmək olar. Məbədin həyəti, həm də içi səliqəli daşlarla döşənib, ərazidəki qədim kütləvi qəbirlər hasara alınıb. Bu kiçik həyətdə Kiş kəndinin tarixi, məbədin ərazisində aşkarlanan əşyalar haqqında ətraflı məlumat asılıb. Bu məbəd norveçli alimin təşəbbüsü və dəstəyi ilə təmir olunub.
Əgər Azərbaycana gələn turistlərin sayını artırmaq, ölkəmizi bütün dünyaya tanıtmaq istəyiriksə, təkcə Bakıda deyil, regionlarda da tarixi-mədəni komplekslərin səviyyəsini qaldırmalı, beynəlxalq standartları tətbiq etməliyik. Elə etməliyik ki, muzeydən yolu düşən verdiyi pula heyfslənməsin, eksponatlara tələsik, necə gəldi, baxıb keçməsin.
03.04.2013 çap et