Vaxt.Az
«Vicdan məsələsi»
20 nömrəli məktəbin yanındakı dayanacaqda sürücü pulsuz düşən oğlana səslənir: “Yol pulunu kim verəcək, görəsən?” Replikanın cavabında gənc sərnişin “bu gün avtobuslar pulsuzdur” deyib düşür.
Yerdə qalan sərnişinlərdən səs çıxmır, sakitcə pullarını verib düşürlər.
Axı, doğrudan da elan edilmişdi ki, yanvarın 20-də Şəhidlər xiyabanı istiqamətində işləyən avtobusların hamısı pulsuz olacaq. Bu ənənə illərdir ki, davam edir.
Əvvəllər yanvarın 20-də metronun bütün stansiyalarında sərnişinlər pulsuz istifadə edirdilər. Lakin son illər yalnız “20 Yanvar” stansiyasında pulsuz giriş olur. Əslində, bu qərarın məntiqini də anlamaq çətindir. Yalnız adı “20 Yanvar” olduğuna görə orada istifadəni pulsuz etmək hansı məqsədə arxalanır? Axı, ziyarətə təkcə o stansiyadan gəlmirlər. Şəhidlər xiyabanına daha yaxın yerləşən “Elmlər Akademiyası” və “İçərişəhər” stansiyalarında girişi pulsuz etmək daha effektiv olardı.
Həmin gün əlavə olaraq Abşeron şəhərətrafı zona üzrə hərəkət edən elektrik qatarlarında da gediş-gəliş pulsuz oldu. Amma indi elektrik qatarından istifadə edənlərin sayı çox azdır, həm də daha əvvəlki tək bu şəbəkə Bakı kəndlərini əhatə etmir. Ona görə çox az adam bu güzəştdən yararlana bilib.
Avtobuslara gəlincə, illərdir Şəhidlər xiyabanına işləyən avtobuslar pulsuz olurdu. Məqsəd də o idi ki, şəhidlərin ruhunu yad etmək niyyətində olan insanlar əlavə əziyyət və xərc çəkməsinlər. Axı, adətən hər kəs ora ailəliklə gedir, hər evdən 6-7 nəfər yollanır. Hətta Azərbaycanın regionlarından da insanlar Bakıya axışıb gəlirlər. Bu il də Nəqliyyat Nazirliyi “Elmlər Akademiyası”ndan xüsusi avtobusların Parlament prospektinə qədər pulsuz işləyəcəyini bəyan etmişdi. Lakin o da deyilmişdi ki, digər avtobusların pulsuz işləməsi sahibkarların təşəbbüsü ilə ola bilər.
Təəssüf, olmadı. Həmin xətdə işləyən hansısa özəl xətt sahibindən bu cür xeyirxahlıq nümunəsi görə bilmədik. Onsuz da hər kəs bu sahədəki vəziyyətdən xəbərdardır, artıq pul qazanmaq üçün sürücülərin, xətt sahiblərin hansı vasitələrə əl atdığının hər gün şahidi oluruq. Heç olmasa, ildə bir gün, özü də 20 Yanvar günündə bunları kənara atmaq olardı. Axı, hər birimiz 20 Yanvarda canını qurban verən şəhidlərimizə borcluyuq. Yəni, onların Azərbaycanı çıxardığı istiqlaliyyət yolu indi 20 qəpiklik yol puluna da dəyməzdimi?
23.01.2013 çap et