Vaxt.Az

«Çarə ancaq ölümdəmi?»


 

«Çarə ancaq ölümdəmi?» Rusiyada yaşayan azərbaycanlı bir xanım dünya ilə vidalaşmaq qərarına gəlib, uşaqlarını da özüylə son səyahətə aparmaq istəyib. Amma nəticədə uşaqlarını öldürüb, özü sağ qalıb...
Bu hadisə haqqında Facebook-da oxumuşam. Bildirilir ki, hadisə bir neçə il əvvəl  Nadımda (Sibir) baş verib. Əslən Masallıdan olan bu qadın həm özü, həm də uşaqlarına sirkə içizdirib. Övlad qatilinə çevrilən ana 1 il xəstəxanada yatb, sonra da ona 15 il iş veriblər. Qadını qatilliyə vadar edən amil – nə qədər qəribə səslənsə də, ərinin kobudluğu olub. 
15 illiyə həbsə atılan ananın faciəsini təsəvvür etmək çətin deyil. Yəqin indi zindanda düşünməyə  vaxtı var. Görən, peşmandırmı? Bəlkə, ərinin işgəncələrindən qurtulmaq üçün ağlına digər yollar gəlib? İnanıram, elə xanımlar var ki, çox acınacaqlı, dözülməz həyat yaşayır, abırlarına qısınıb boşanmır. Amma ölümü və uşaqlarını öldürməyi boşanmaqdan üstün tutmağa haqq qazandırmaq olmaz.   
XXI əsrdə, bir çoxlarının qadın hüquqları haqqında uca səslə danışdığı bir dövrdə niyə evin xanımı boşanmır? Niyə ayrılmaq əvəzinə öz ailəsinə əl qaldırır? Yəni, bu insanlar məişətdə zorakılıqla üzləşənlərə cəmiyyətin biganə qalmadığından, onlara yardım əlinin uzadılmasından bixəbərdilər? Azərbaycanda, eləcə də Rusiyanın hər yerində  pulsuz psixoloq xidmətləri, hüquqşünas yardımları var. Çoxları boşanandan sonra ac qalacağını, özünü və uşaqlarını dolandıra bilməyəcəyindən çəkinir. Amma elə qadınlar var ki, bazarda göyərti satmaqla, qab yumaqla, xidmətçiliklə dolanır. Bu, ərin təpik-şilləsi qarşısında bir tikə çörək yeməkdən daha şərəflidir. 
Əgər heç bir vəchlə boşanmaq mümkün deyilsə, evdən qaçmaq, yerli hüquq-mühafizə orqanlarına müraciət etmək, lap elə Azərbaycana gəlib burda qadınlar üçün yaradılmış sığınacaqlara üz tutmaq olardı. Yəni bütün bunlar ölümdən də risklidir? 
Ötən ay Moskvada da oxşar hadisə baş vermişdi. Əri tərəfindən döyüldüyünə görə qadın 2 oğlunu təhsil aldığı məktəbin həyətinə gətirib üstünə neft töküb özünü yandırmışdı. Hələ xanım 4 yaşlı üçüncü oğlunu da yanında gətirərək bu dəhşətin şahidi etmişdi. Görünür, qadına elə gəlib ki, uşaqlarına bu cür psixoloji zərbə yaşatmaq, onları yetim qoymaq boşanmaqdan daha yaxşı imiş. 
Bir ana kimi belə qadınlara demək istəyirəm ki, özünüzə qıymayın, uşaqlarınızı düşünün. Onların necə yaşayacağı, həyatda hansı çətinliklərlə üzləşəcəyini göz önünə alın. Anasının hər gün döyüldüyünü, ölümünü görən uşaqlar ömürlük şikəst olur. Belə uşaqlar özləri də gələcəkdə hər cür haqsızlığa dözür, xoşbəxtliyə inanmır.
 





08.12.2012    çap et  çap et