Vaxt.Az

«Penitensiar Universitet»in müstəqbəl professoru


 

Millətin bu günündə Qulu Məhərrəmlini tut(dur)maq istəyənlər kiminlə həmrəydir?

«Penitensiar Universitet»in müstəqbəl professoru Mövlana gözəl deyib: «Sənin bildiklərin qarşındakının səni anladığı qədərdir». Nə qədər yazılsa da, deyilsə də, biriləri anlaya bilmirlər, anlamaq istəmirlər. Yenə dönür, dolaşır, gəlib gəlib azad sözün, AZAD FİKRİN, azad şəxsiyyətin başında çatlayır.

Əvvəl-əvvəl ciddi qəbul etmədim, amma Qulu Məhərrəmli üzərində əməlli-başlı məhkəmə qurublar. Sözün bütün anlamlarında media professorunu tut(dur)maq istəyirlər.  Jurnalistikamızın patriarxlarından olan adamı tut(dur)maq istəyi ilə ALIŞAN, yanan adamlar «Arifə bir işarə bəsdir» deymini tərsinə qavrayanlardı. Gerçəkdən sözün tərsinə mənasında «Arifə bir işarə bəsdir» ki, belə bir gündə, belə bir aydınımızı türməyə göndərmək ehtirası ilə ALIŞIB yansın. Bəli, belə bir gündə. Professor Qulu Məhərrəmli  Qarabağdan xəbər  gözlədiyi, aldığı ŞAD XƏBƏRLƏRƏ SEVİNİB, İTKİLƏRİMİZƏ ÜZÜLDÜYÜ BİR GÜNDƏ ona... məhkəmədən bildiriş gəlir. Doğma Zəngilanına, ata-baba torpağına ayaq basacağını gözlədiyi bir vaxtda onu türməyə göndərmək istəyənlər geri durmurlar. Qələmi ilə, elmi ilə, müəllimliyi ilə, vətəndaşlığı ilə millətin şərəfini ucaldan adama «şərəf  və ləyaqət» davası açan AzTV sədri Arif Alışanov dövlətin, millətin belə bir günündə yenə şəxsi hesablar dalınca qaçacaqmı, yoxsa iddiasından əl çəkəcək?! Bu, artıq milli identiklik düşüncəsinin, fərdi keyfiyyətlərin, şəxsiyyət kamilliyinin testidir. İmtahanın sonucunu bəri başdan deyə bilmərəm. Doğrusunu Allah bilir! Çünki bütün vicdanların məcmusu olan Allah öz bəndəsini sınağa çəkir. Qulu Məhərrəmlini də, Arif Alışanovu da. Bu, formal qanunlar qarşısında sınaq deyil, ilahi qanunlar qarşısında sınaqdı.

Mənim yadıma vaxtilə İTV-nin icraçı direktoru olan İsmayıl Ömərovla Qulu Məhərrəmli arasında münaqişə düşdü. O zaman tutarlı bir irad, ittiham tapa bilməyən Ömərov cəbhəsi demişdi ki, Qulu Məhərrəmlinin əslində adı Allahquludur. Yəni bu adamın ən böyük «cinayəti» adını dəyişmək imiş. Aman Allah! 

Amerikalıların məşhur reklam prinsipi var: «Adımı düz yaz, haqqımda nə yazırsan yaz – reklam olacaq».  Allahqulu olsun, ya da Qulu – fərq etməz, hansı cür desən bu şəxsiyyəti ifadə edəcək. Əslində «Qulu» da elə «Allahqulu» deməkdir; istəyib-istəmədən, bilərəkdən və ya bilməyərəkdən Allaha şərik qoşmanın dolayı ifadəsi olan Məmmədqulu, Həsənqulu, Hüseynqulu... deyil də, Qulu. Bu elə Allahqulu deməkdir. Çünki heç kəs heç kəsin qulu deyil, Allahın quludur. Qul da xətasız olmaz. Qulu Məhərrəmlinin də yanlışları ola bilər, mütləq vardır. Ancaq bu, onun Allahı ilə öz arasındadır. Bəndənin qarşısında deyil.  Allaha deyil, bəndəyə qul olanlar bunu çətin anlasın. Allahdan gələn əmrlərə deyil, bəndədən gələn işarələrə ARİF olanları aşar bu hikmətlər. Həzrəti Mövlana deyəndir:  «Qarşındakının anladığı qədər bilirsən».

Ancaq mən bir başqa şəxsdən də sitat gətirəcəm: « Son hadisələr də göstərdi ki, kütləvi informasiya vasitələrimiz, jurnalistlərimiz cəbhə bölgəsində gərginliyə olduqca həssas, peşəkarcasına yanaşdılar, dezinformasiyaya uymadılar. Ümumilikdə, ölkənin vətəndaş cəmiyyəti institutları, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılarımız, gənclərimiz əsl vətənpərvərlik nümunəsi və vətəndaş mövqeyi nümayiş etdirdilər. Hesab edirəm ki, müşahidə olunan milli həmrəylik bizim böyük nailiyyətimiz və gələcək uğurlarımız üçün vacib amildir». 

Bu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin AzərTAC-a müsahibəsindəndir. Akademik tamamilə doğru deyir ki, müşahidə olunan milli həmrəylik gələcək uğurlara aparan yoldur. İllərlə küsülü qalan adi insanların bir-birilə barışdığı, tək ürək olduğu belə gündə Arif Alışanov da heç Qulu Məhərrəmli ilə demirəm, siyasətdə, idarəçilikdə özünün Patriarxı saydığı Akademikin bu gerçəkçi fikirlərilə nədən həmrəy olmasın?! «Arifə bir işarə bəs edər»sə, bundan aydın, net işarəmi gözləyir?! Əgər hörmətli Akademikin proqram müddəası gücündə olan bu açıqlamasından sonra da cənab Arif Alışanov hörmətli Qulu Məhərrəmlini tutdurmaq fikrindən daşınmayacaqsa, deməli, adam istintaq təcridxanalarımızda və cəzaçəkmə müəssələrimizdə intellektual səviyyəni bir az da yüksəltmək kimi «nəcib bir amacın peşində. Doğrusunu deyim ki, yüksək vəzifəli dövlət xadimlıərinin, siyasətçilərin, deputatların, nazirlərin... gəlib keçdiyi  Azərbaycan türməsində siyasi yetkinlik «tavan yapıb». «Çeşmə»çilərin gətirdiyi yumor hissi hələ də milli həbsxanamızın canından çıxmayıb. Həmin «Çeşmə»çilərdən biri Ayaz Əhmədov yazırdı ki, o zaman MTN-nin təcridxanasında dəhlizlərdən birinə «Nazirlər Prospekti» deyilirmiş!  Məni qınamayın,  Əli İnsanovun gəlişi və getmək istəməməsi bəlkə də hamıdan çox onunla türmədə oturan xəstələrin... ürəyincə olub. Sizə elə-belə gəlməsin; adamları nə az-nə çox səhiyyə naziri, akademik olmuş bir yüksək səviyyəli həkim müalicə edir. Qənimətin ərəb əlifbası, Müşfiqin ingilis dili... tədrisi məsələn, Fərhad Əliyevin iqtisadi inkişafla bağlı verdiyi master-klassların yanında nədir ki?! Hazırkı Penitensiar Xidmət handa bir nüfuzlu xarici universitetdən də daha çox bilik verir. Ironiya etmirəm. Burdan tanınmış alimlər, Eldar Salayev kimi Elmlər Akademiyası Prezidenti, Tofiq Qasımov kimi erudit gəlib keçib. Dünyaca reytinqli xarici universitetlərdə təhsil almış yüksək ixtisaslı məzunlar, dini mükəmməl bilən ilahiyyatçılar, İntiqam Əliyev, Qurban Məmmədov... kimi hüquqşünaslar, vətəndaş cəmiyyəti fəalları, uğurlu biznesmenlər... Sadalamaqla bitməz. «MTN işi» ilə bağlı türməyə gedənlərə də elə baxmayın; hamısı Çovdarov kimi qaba reket deyil, aralarında kompetent xüsusi xidmət zabitləri də var. 

Rəhmətlik Rafiq Tağı sayəsində ədəbiyyatımızın çağdaş cərəyanları ilə tanış olmuş penitensiar sakinləri üçün Saday Şəkərlinin gəlişi göydəndüşmə olub desəm yanılmaram bəlkə də. Əminəm ki, «xırda xuliqanlıq» üstündə Əkrəm Əylislini də bu yaxınlarda ora göndərsələr, dustaq qardaşlarımız ötən əsrin ədəbi prosesi haqda müfəssəl bilgi əldə etmək şansını qaçırmayacaqlar. Bu sırada jurnalistləri özəlliklə yada salmaq lazımdır; PENİTENSİAR HƏQİQƏTLƏRİMİZİN dünya ictimaiyyətinə çatdırılmasında keçmiş və indiki məhkum media əhlinin böyük xidmətləri var. Araşdırmaçı yazarlar, mükəmməl analitiklər, baş redaktorlar... Siyahı genişdir. Bir də bura Qulu Məhərrəmli kimi jurnalistika professorunu, mahir televizyonçunu, dilçi alimi əlavə edə bilsək, nə mutlu bizə!... Deyə düşünür Arif Alışanov... Yəqin ki. Sözün bitdiyi yerdir, ona görə burda nöqtə qoyaq.

 





12.04.2016    çap et  çap et