Vaxt.Az

«...ÜDM azalmasını şərtləndirir və böhranı dərinləşdirir»


 

Azərbaycan iqtisadiyyatının tənəzzülünün subyektiv səbəbləri

«...ÜDM azalmasını şərtləndirir və böhranı dərinləşdirir» Ötən il Azərbaycan iqtisadiyyatı 1,1 faiz böyüdü və ölkədə 54,3 milyard manatliq milli gəlir istehsal olundu. Bu ildən isə ötən illə müqayisədə neftin qiymətləri əhəmiyyətli dərəcədə dəyişməsə də ölkədə tənəzzül başladı. İndiyə qədər açıqlanan ilk 2 ayın göstəricisinə görə Ümumi Daxili Məhsul 3,2 faiz azalıb. Bu azalmanı şərtləndirən obyektiv və subyektiv səbəblər vardır. Başqa şərtlər dəyişməz hesab edərək, diqqətinizi 2 subyektiv səbəbə yönəltmək istərdim. Heç kəsə sirr deyil ki, ölkədə iqtisadi siyasət koordinasiya olunmur. Neft gəlirlərinin bol olduğu dövrlərdə onun fəsadları çox hiss olunmasa da hazırkı dövrdə eyni yanaşma iqtisadi böhranın dərinləşməsinə xidmət edir. Belə ki, iqtisadi siyasətdə əhəmiyyətə malik olan 2 dövlət orqanının son 3 aydakı fəaliyyəti buna əyani misal ola bilər.

Birincisi, dövriyyədəki manat kütləsini məhdudlaşdıraraq buxovlayıcı monetar üsullara və inzibati tənzimləmə vasitələrinə üstünlük verən Mərkəzi Bank heç bir iqtisadi məntiqlə izah olunmayan məzənnə siyasəti yeritməklə iqtisadiyyatda manat qıtlığı yaradaraq yeni situasiya formalaşdırıb. Bu situasiya ilə inflyasiyanın cilovlanmasına çalışan Mərkəzi Bank hazırkı siyasəti ilə alıcılıq qabliyyətinin və işgüzar fəallığı aşağı salıb. Beləliklə də ÜDM artımın da buxovlayaraq, yeritdiyi siyasətlə onun aşağı düşməsini təmin edir.

İkincisi, dövlət büdcəsinin xərc hissəsinin icra səviyyəsini 1-ci rübdə 73 faizə endirən Maliyyə Nazirliyi məhdudlaşdırılmış fiskal siyasəti ilə bir tərəfdən büdcənin istehlak yönünü gücləndirilməsinə, digər tərəfdən də dövlət xərclərinin süni azaldılması hesabına işgüzar aktivliyin aşağı salınmasına xidmət edir.

Beləliklə hər iki mühüm iqtisadi institut öz sahələrində daha yaxşı görsənmək üçün manatı süni möhkəmləndirmək və büdcədə profisit formalaşdırmaq üçün çalışır. Onların hər ikisi də hazırkı yanlış siyasəti ilə ÜDM azalmasını şərtləndirir və böhranı dərinləşdirir. Bunun da başlıca səbəblərindən bri ölkədə Nazirlər Kabineti adlı strukturun koordinasiya edici funksiyasını yerinə yetirməməsi, kompleks və əlaqələndirilmiş proqramın olmamasıdır.

 





12.04.2016    çap et  çap et