Vaxt.Az

«...Bakıya gəlməyəcəm»


 

Larisa Dolina: «Həyatımda heç vaxt bu qədər nifrət, lənətlə üzləşməmişdim»

«...Bakıya gəlməyəcəm» Yəqin xatırlayırsınız, Rusiyanın əslən Bakıdan olan xalq artisti Larisa Dolina bu günlərdə «»Rossiya1» telekanalında «Odin v odin» verilişində nəinki azərbaycanlıları, ola bilsin, erməniləri də şoka salan bir açıqlama ilə çıxış etmişdi.

Şouda münsiflər heyətində əyləşən Larisa Dolina iştirakçılardan biri, özünü Bokaya (o da əslən Bakı ermənisidir) oxşadan Aleksey Çumakovun ifasına münasibət bildirərəkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia etmişdi. Hər halda bu barədə yayılan məlumatlarda belə deyilirdi.

«Muğam ifa etmək inanılmaz dərəcədə çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır? Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyur», - deyə Larisa Dolinaya istinadən bildirmişdi.

Təbii ki, azərbaycanlılar peşəkar və az qala bütün dünyada tanınmış bir müğənninin bu fikirlərini qəzəblə qarşıladılar. Axı o, hər şey bir yana, əslən bakılıdır və bir ara şəxsən Alim Qasımovun özü ilə oxumuşdu!

Virtualaz.org-un müxbiri Bəhram Batıyev nəhayət, bu gün Larisa Dolinanın özü ilə birbaşa əlaqə saxlaya bilib. Və məlum olub ki, bu mövzuda olan söz-söhbətlər onu heç də azərbaycanlılardan az hiddətləndirməyib.

«Sizinlə bu söhbətimiz mənim şəxsən böyük hörmət bəslədiyim Polad Bülbüloğlunun xahişi əsasında baş tutdu.

Baş verənlər tamamilə təxribatdır. Məni sadəcə olaraq seçib və aşağılayıblar. Mənim sözlərimi öz xeyirlərinə yozaraq, məni doğulduğum respublika ilə üz-üzə qoyublar.

Mənim həyatımda heç vaxt belə bir şey olmayıb. Mən həyatımda heç vaxt ünvanıma bu qədər nifrət, lənətlə üzləşməmişdim.

Özü də tamamilə əsassız olaraq. Bu sadəcə olaraq amansızlıqdır və hiddət doğurur.

Sadəcə olaraq, kimsə mənim sözlərimi həyasızcasına öz xeyrinə istifadə etdi. Mən deməmişəm ki, yalnız ermənilər muğam oxuya bilir. Mən demişəm ki, həm ermənilər, həm də azərbaycanlılar muğamın öhdəsindən ustalıqla gəlirlər.

Mən deməmişəm ki, muğam sənətini yalnız ermənilər mənimsəyiblər. Mən, bəzi Azərbaycan KİV-lərinin yazdığı kimi, necə deyə bilərəm ki, ermənilər muğamı azərbaycanlılardan yaxşı oxuyur? Ən azı həmin proqrama baxın. Orada hər şey aydın şəkildə görünür və eşidilir.

Mən özümü günahkar hesab etmirəm. Mən Azərbaycan xalqını təhqir etməmişəm, baxmayaraq ki, mənim ünvanıma lənətlər yağdırıldı...

Məni ən çox ağrıdan odur ki, bu lənətlər o insanlardan gəldi ki, mən onlarla bir torpaqda yaşayıb, bir yerdə böyümüşəm. Bu dəhşətdir və mənim həyatımda heç vaxt olmamışdı.

Sadəcə olaraq başa düşmürəm ki, mənimlə Azərbaycanın arasını vurmaq kimə lazım olub?!

Buna görə də, bununla bağlı bundan sonra heç bir şərh verməyəcəyəm», - deyə Larisa Dolina kəskin və emosional şəkildə bildirib.

Amma bir neçə saniyədən sorna sakitləşən L.Dolina əlavə edib ki, doğulduğu respublika ilə əlaqələri birdəfəlik qırmaq fikrində deyil.

«Əlbəttə, məni Bakıya dəvət etsələr, məmnuniyyətlə gələrəm. Mən bu gözəl şəhərə gəlməyi çox istəyərdim. Amma bu çirkli kampaniyanı təşkil edən şəxsin məndən hamının qarşısında şəxsən üzr istəməsindən sonra. Mən çox təəssüf edirəm ki, bu mənim həddən artıq bağlı olduğum və çox sevdiyim bakılılarla baş verdi», - deyə sonda L.Dolina vurğulayıb.

 





12.04.2016    çap et  çap et