Vaxt.Az
«Qadın ağlına şübhə»
Başın içi, ya çölü?!
Qadının ağlı qırx toyuq ağlı qədərdir. Bu məsəli həyatımız boyunca ən azı yüz dəfə üzümüzə çırpıblar. Əlbəttə ki, zarafat ağırlıqlı işlədildiyini iddia edərək. Lakin heç kim bunun ən ağır təhqir olduğunu düşünməyə ehtiyac duymayıb. Kişilərin özlərini daha ağıllı hesab etmələri və qadınları daima aşağılamalarının arxasında özləriməxsus “tarixi faktları” var. İndi mən də tarixdən və faktlardan yola çıxacam və kişilərin “niyə qadınlar elm, fəlsəfə və kəşflərdə kişilərdən az uğur qazanıblar” kimi suallarına cavab verəcəm.
Qadının insan hesab edilmədiyi bir dövrdə təhsil alması, oxuyub yazma öyrənməsi qeyri-mümkün idi. Bizim eranın 998-ci ilində Vatikanda toplanan ruhanilər qadının insan hesab edilib-edilmədiyini müzakirə edirdilər. Həmin müzakirələr zamanı bir ruhani qadınların insan olduğunun Tanrı tərəfindən bəyan edildiyini iddia edir. İncildə dəfələrlə İsa Məsih “insan oğlu” adlandırılıb. Onun atası Tanrının özü olduğu üçün insan ifadəsi Məryəm anaya aid edilir. Beləliklə, Məryəm ananın sayəsində qadınların da insan olduğu Xristian ruhaniləri tərəfindən təsdiq edilir. Xristian aləmində qadınların fəlsəfə, kimya, fizika, əl-cəbr və bu kimi elmlərə yiyələnməsi qadağan idi. Qadınlar ancaq ədəbiyyat öyrənə bilərdilər.
Təkcə xristian aləmi qadına elmsizlik təlqin etmirdi. İslam dinin gəlişi də qadınları cəhalətə sürükləyirdi. İslamın məişətə tətbiqində hədislərin xüsusi rolu var və bu hədislər toplularından biri deyir: “Peyğəmbər (s) belə buyurub: «Qadınları elm ocaqlarında məskunlaşdırmayın. Onlara yazı yazmağı öyrətməyin. Onlara ip əyirməyi və «Nur» surəsini öyrədin». (Kuleyni, cild 5, səh 516)
Bütün bu basqılar qadınları elmdən-təhsildən uzaq salırdı. Basqılara sinə gərib adını tarixə həkk edənlər də var idi. Məsələn, ilk qadın filosof İskəndəriyyəli Hipatiya bizim eranın dördüncü əsrində yaşamış və öz məktəbini yarada bilmişdi. Lakin onun taleyi də acınacaqlı bitir. Belə ki, onun fəlsəfə ilə məşğul olması ruhanilər tərəfindən təqdir edilmir və 45 yaşında vəhşicəsinə qətlə yetirilir. Hipatiyadan bizə qalan isə iyirmiyə yaxın cildləri olan müxtəlif mövzulu əsərləridir.
Orta əsrlərdə qadınların elmlə məşğul olması inkivizasiya qurbanına çevrilməsi demək idi. Vatikan kilsəsi 1976-cı ildə rəsmi etiraf edir. Tarixdə on minlərlə qadın məhz kimya və fəlsəfə kimi elmlərlə məşğul olduğu üçün “kimyagər” və ya “cadugər” damğası ilə diri-diri yandırılıb. Fransa öz döyüş qəhrəmanını – Janna Darkı da məhz cadugərlik adı altında qətl etmişdi. Orta əsrlər kişisi bir qadının gücünü, qələbəsini və ağlını həzm etmək gücündə deyildi.
Lakin qadınlar iki min il davam edən əzici proseslərdən sağ-salamat xilas oldular. Iki əsrdən çoxdur ki, qadınların elmlə məşğul olması üçün imkanları əmələ gəlib. Bu iki əsr isə qadına gücünü sübur etmək üçün yetərli oldu. Mariya Küri, Qreys Murrey, Ada Lovleys, Liza Metner, Roza Peter, Rozalaynd Franklin və adını yazmadığım onlarla qadın öz dünya əhəmiyyətli kəşfləri ilə tarixə düşdülər. Həm də kişi icadlarından fərqli olaraq qadın kəşfləri müharibələrə, qırğınlara səbəb olmur. Qadın kəşfləri daha çox gözəl yaşamaq, təmiz dünya və sağlam həyata köklənib. Paltaryuyan maşın, soyuducu, lazerlə katarakta əməliyyatı, uşaq bezləri, kök hüceyrə izolyasiyası, məişət diyabet testi, mətbəx mikseri, dəniz altı fənər, işığı əks etdirməyən şüşə, elyaf sintetik parça, gözlük şüşəsi və digər kəşflər son onilliklərin məhsuludur.
Bütün bunlarla yanaşı unutmayaq ki, hələ də dünyanın ayrı-ayrı yerlərində qadınlar təzyiq görməyə davam edirlər. Yaşadığımız ölkədə də qız uşaqlarının təhsildən yayınması və erkən evləndirilməsi halları az deyil. Fiziki gücündən istifadə edən kəsimin qadını təhsilsiz və biliksiz qoyması və bundan sonra da qadın ağlına şübhə ilə yanaşmasının özü də ən böyük axmaqlıqdır.
P.S. Dəyənəkli dindarların aksiyasında da bir fakt diqqətimi çəkdi. Heç bir kişi yaxşı təhsil, savadlı şagird uğrunda bağırmırdı, başın içini düşünmürdü. Onlara ancaq qızlarının başını bağlamaq lazım idi.
12.10.2012 çap et