Onun sözlərinə görə, qanun layihəsinin qəbuluna obyektiv səbəbdən daha çox subyektiv səbəb mane olur: «Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır. Yaranmış vəziyyətlə biz qanunun əleyhinə olan qurumlarla, xüsusilə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsi ilə görüşlər keçirib, narahat doğrusu məsələləri onlarla birgə müzakirə etdik. Görüşün yekununda bizə bildirildi ki, məsələnin əsl mahiyyəti onlara tam izah olunmayıb. Ona görə də layihədə nəzərdə tutulan məsələlər İslama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə qanun layihəsinə razılığını verib».
Ə.Əmiraslanov əlavə edib ki, Milli Məclisin sədri Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq.
Komitə sədri əsas problemin qanunda ekstrokorporal mayalanma ilə bağlı olduğunu deyib: «Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçirilir, Azərbaycanda yox. Odur ki, bu nə islam dini, nə də bizim milli mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edir. Niyə bu əməliyyat bizdə olmasın?!».
Qeyd edək ki, «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi müzakirələr zamanı qalmaqala səbəb olmuşdu.