Vaxt.Az

«Xidmət əvəzinə qiymət»


 

«Xidmət əvəzinə qiymət» Bulvar Bakıda bahalı məkanlardan biri sayılır. Təbiidir – sahil kənarı mərkəzdə sakinlərin ən çox axışıb-gəldiyi yerlərdən biridir.Bununla belə, bulvarda istənilən çayxanada 1 çaynik çayı 5 manata almaq olar, hələ mürəbbəsi də üstündə. Amma qat-qat ucuz hesab etdiyimiz rayonlarda qiymətlər at belindədir. Məsələn, Quba yolundakı bir istirahət mərkəzində çay dəsgahı 25 manatadır.
Dünyanın bir neçə ölkəsində olmuşam, turistlərlə qaynayan yerləri də gəzmişəm. Amma heç yerdə keyfiyyət və qiymət arasında bu qədər disbalans görməmişəm. Əslində, hər yerdə xidmətin keyfiyyəti qiyməti yüksəldikcə qiymət də artır. Bizdə  isə çox hallarda tərsinədir. Konkret olaraq bu yaxınlarda Quba-Qusar bölgəsinə gəzinti zamanı bunun bir daha şahidi oldum.
Qubada Xınalıq yolu üzərindəki çoxsaylı istirahət məkanları arasında bər-bəzəyi, görünüşü ilə seçilən bir yerə getdik. Yaşıllığı, süni şəlaləsi, geniş ərazisi, yüksək qiymətlərinin qarşılığında xidmət sıfır səviyyəsində idi. Əvvəla, içəri girən kimi bir çaynik çay üçün 25 manat “oxudular”. Çayın rəngi əməlli-başlı bulanıq idi. Əsas gətirdilər ki, guya bulaq suyundan qaynadıldığına görə belə alınıb. Xidmətə gəlincə, əvvəlcə çay, sonra stəkanlar gəldi. Yemək süfrəsi yığılana yaxın əl dəsmalı və duz-istiot gətirildi. Xörəklərin dadı, həddən artıq yağlı olması, servisindən isə heç danışmıram.
Azərbaycan bölgələrində dincəlmək istəyənləri gözləyən başqa sürpriz - babat görünüşü olan yerlərin əksəriyyətində çay içmək üçün gərək mütləq yemək sifariş edəsən. “İşçimiz azdır, adam çox, çayla əlləşməyə vaxt yoxdur”. Bu, müştəriyə verilən cavabdır. Turizmin inkişafında maraqlı olan heç bir yerdə müştəriyə belə söz deməzlər.
Məncə, problemin bir neçə səbəbi var. Onlardan biri keyfiyyətli xidmət üçün bacarıqlı kadrların işə götürülməməsidir. Administratorlar, ofisiantlar xüsusi təlim keçmiş, müştəri ilə işləmək bacarığı, şirin dili olan kəslər arasından seçilməlidir. Bizdə isə adətən bu qulluğa qohum-qardaşı, ucuz qiymətə gün altında işləməyə razılıq verənləri götürürlər. Belə olanda, işə nə həvəs qalır, nə istək. Halbuki, müştərilər razı qalsalar, bu, həmin yerin reklamına işləyər, həm də elə ofisiantların özləri “çaypulu” hesabına qazanc əldə edə bilərlər. Keyfiyyəti yüksəltmək əvəzinə qiymətləri artırmaqla iş bitmir.
 





01.09.2012    çap et  çap et