Vaxt.Az

«Putinin emissarları iş başındadır»


 

Fəhmin Hacıyev: «Kliçko nüfuzlu adamdır, əlaqələrini Kiyev üçün xərcləyir»

«Putinin emissarları iş başındadır» «Fəhmin bəy, xoş gördük, necəsiniz? Səhhətinizlə dostları yaman nigaran qoydunuz. Bir daha keçmiş olsun. «Şükür Allaha, fiziki mənada qaydasında. Mənəvi durumumuz isə təbii, Azərbaycana, oradakı proseslərə bağlıdı. Narahatıq…» Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı, bir neçə ay öncə ürək əməliyyatı keçirən Fəhmin Hacıyevlə Kiyevdəki görüşümüz belə bir dialoqla başladı. Bir neçə saat davam edən söhbətimizdə söz-sözü çəkdi… Qarabağdakı son hərbi əməliyyatlardan, iqtidar-müxalifət münasibətlərindən Orta Doğu savaşına qədər bir çox məsələlərdən danışdıq. Söhbətin Ukraynanın ictimai-siyasi gündəmi ilə bağlı birinci hissəsini təqdim edirik. (korrespondent.az)

- Fəhmin bəy, bu gün Ukraynada ən çox müzakirə edilən məsələ Hollandiyada keçirilən referendumdur. Hollandiya vətəndaşları Ukraynanı Avropa Birliyinin bərabərhüquqlu üzvü kimi görmək istəmədiklərini bildiriblər. Azərbaycanın bir sıra politoloqları artıq indidən deyir ki, bu, Ukraynanın Avropa Birliyinə yollarını birdəfəlik bağlayıb? Sizcə, bu belədir?

- Qətiyyən. Referendum məsləhət xarakterlidir. Bu hökumətin qərarına təsir edə də bilər, etməyə də. Amma heç şübhəsiz, Hollandiya kimi dövlətlər adətən xalqın rəyini nəzərə alır. Bu referenduma seçicilərin 30 faizi qatılıb, onların da 60 faizi qərarın lehinə səs verib.


- Hər halda qəbul edək ki, seçkinin sonucu Ukraynanın xeyrinə deyil.

- Nəticə təəssüfedicidir, əlbəttə. Baş verənləri Ukrayna siyasi dairələrinin xarici siyasət fəaliyyətindəki qüsur kimi qəbul edirəm. Ancaq Putinin Avropadakı emissarlarının fəaliyyətinin də güclü olduğunu unutmaq olmaz. Bəllidir ki, Avropada Rusiyadan çıxmış xeyli sayda miqrant var. Onlar olduqları ölkələrdə Rusiya dövlətinin maraqlarına xidmət edirlər. Ancaq səsvermədən dərhal sonra Almaniya kansleri Angela Merkel bildirdi ki, Hollandiya referendumunun nəticələri xoşagəlməz olsa da, bu, Ukraynanın Avropaya inteqrasiyasının qarşısını ala bilməz. Avropa Birliyi nəhəng bir qurumdur, aparıcı dövlətləri də Almaniya, Fransa, İtaliya kimi böyük dövlətlərdir. Bu dövlətlər Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsinin tərəfdarıdırlar. Ona görə də mən ümid edirəm ki, Ukraynanın Avropaya inteqrasiyasının zəifləyəcəyi belə gözlənilən deyil.


- Yaxın aylarda Ukrayna ilə Avropa Birliyi arasında viza rejiminin ləğvi nəzərdə tutulur. Sizcə sonuncu referendum bu prosesi ləngidə bilər?

- Güman etmirəm. Bu məsələ ilə bağlı artıq qərar var. Yəqin ki, qərarın deyildiyi zamandan icrasına başlanacaq. Avropa Birliyinin Ukraynadan əsas tələbi islahatlar aparılmasıdır, Ukrayna da həmin islahatları aparır. Səhiyyə sistemində çox böyük islahatlar aparılır. Tibbi sığorta məsələsinə keçib, dərmanların gətirilməsi də artıq inhisardan çıxarılıb. Elm sahəsinə ciddi diqqət var. Eyni zamanda Daxili İşlər Nazirliyində köklü islahatlar gedib və davam edir. Bəzi islahatların nəticələri bu gün görünməyə bilər, ancaq Beynəlxalq Valyuta Fondunun ölkə ilə bağlı qərarında da göstərilir ki, ölkədə islahatlar doğru istiqamətdə aparılır.

 

- Ölkədəki investisiya mühiti ilə bağlı nə demək olar? Savaş bitməyib, iqtisadiyyatın ciddi problemləri var. Belə bir durumda hökumət ölkəyə investorlar cəlb edə bilirmi?

- Bəli. Hökumət investorları dəvət edir, bu prosesdə qarant kimi çıxış edir. Bir çox sahələrə artıq ciddi investisiyalar yatırılıb.

 

- Bu gün ölkədə faktiki olaraq hökumət yoxdur - Avromaydan komandasından aylardır qopmalar var. Sizcə bu böhranlı durum nə zamana qədər davam edəcək?

- Ən qısa zamanda, 1-2 həftəyə yeni kabinet formalaşacağını gözləyirəm. (müsahibədən 1 gün sonra baş nazir Arseniy Yatsenyuk da istefa verdi - red.)

 

- Baş nazir postuna daha şanslı namizəd kimdir?

- Maliyyə naziri xanım Yaresko.

 

- Keçmiş Gürcüstan prezidenti, indiki Odessa qubernatoru Mixeil Saakaşvilinin şansları yüksək deyil?

- Saakaşvili güclü siyasətçidir, iştirakçısı olduğu prosesləri canlandırmağı bacarır, şəffaf cəmiyyətin qurulması üçün böyük potensiala malik insandır. Onun apardığı islahatlara qarşı çox güclü qüvvələrin çıxmasına baxmayaraq, maneələri dəf edə bilir. Ona cəmiyyətin böyük simpatiyası var. Amma sualınız mənə bir qədər qəribə gəldi, çünki onun baş nazir olmağa iddialı olduğunu düşünmürəm. Hesab edirəm ki, o, çalışdığı ölkədə islahatları nümunəvi şəkildə həyata keçirmək istəyir və bütün diqqəti buna yönəlikdir.

 

- Onun Ukraynadakı əsas rəqibləri kimlərdir - oliqarxlar, yoxsa Odessadan uzaqlaşdırdığı «qanuni oğrular»?

- Əsas daxili işlər naziri Avakov. Saakaşvili açıq söylədi ki, Avakov rüşvətxordur, oğrudur, korrupsionerdir və o heç bir islahat həyata keçirmək iqtidarında olan kadr deyil.

 

- Ümumiyyətlə, Ukrayna hökuməti Mixeil Saakaşvilini ABŞ-ın sözçüsü kimi qəbul edirmi? Məsələn, Azərbaycanda onun genəl obrazı belədir…

- Ukraynada onu daha çox öz ölkəsini yenidən quran, iqtisadi yüksəlişini təmin edən bacarıqlı kadr kimi qəbul edirlər. «ABŞ-ın adamı» obrazı heç bir halda bu faktın önünə keçmir. Gerçəkdən də, o, Gürcüstanı digər 2 Güney Qafqaz ölkələrindən çox irəli apardı, ölkədə qanunların hakim olmasını təmin etdi. Bu müsbət dəyişiklikləri insanlar öz həyatlarında ən qısa zamanda gördülər - polis, səhiyyə, elm, vergi, məhkəmə onun dönəmində rüşvət yuvası olmaqdan qurtuldu, ölkəyə investisiyalar gətirildi… Ukraynalıların da gözləntiləri budur. Mən onun «ABŞ projesi» kim təqdim edilməsinə qarşıyam. Belə bir uğurlu dövlət adamının kimlərinsə projesi olmağa ehtiyacı yoxdur.

 

- Fəhmin bəy, yenidən Hollandiya referendumunun nəticələrinə dönmək istəyirəm. Necə fikirləşirsiniz, Avropa ölkələrinin Ukraynanı öz sıralarında görmək istəməməsi inteqrasiya üçün ciddi qurbanlar verən Avromaydan tərəfdarları arasında pessimistlik yaratmır ki?

- Məncə, yox. Avromaydançılar islahatların bəzən ləng getməsindən narahatdırlar. Ləngliyin isə səbəblərinin çoxunu obyektiv saymaq olar. Savaş gedir, hökumət və cəmiyyət həyatının bütün sahələrində Rusiyaya bağlı qüvvələrin fəaliyyəti var. Vətəndaşlar bunu dərk edir.

 

- Poroşenko hökumətinin Rusiya meyililərin, belə demək mümkünsə, zərərsizləşdirilməsi prosesini niyə belə ləngdir?

- Çoxdurlar. Onları əvəz edəcək kadrların tapılması da problemdir. Sistemin bütünlüklə dəyişdirilməsi asan deyil. Bunun üçün zamana ehtiyac var. «Bu gün istəyirəm, sabah olmalıdır» - insan psixologiyası isə bunu tələb edir. Buna görə də bəzən xəyal qırıqlığı yaranır. Ancaq insanlar düşünmür ki, bir normal qanunu qəbul etmək, onu həyata keçirmək üçün aylar gərəkdir. Dövlət quruculuğu 1-2 günə çözüləcək məsələ deyil.

 

- Ukrayna cəmiyyəti prezident Poroşenkonun tez-tez yenilənən komandasına zaman tanımağa meyllidir, yoxsa üçüncü Maydan ola bilər?

- Etiraz çağırışları var. Ancaq Rusiya xüsusi canfəşanlıq göstərməsə, Ukrayna xalqı bu hakimiyyətə uzun illər dəstək verəcək. Çünki, nə qədər olmasa da, vətəndaş öz həyatında müsbət dəyişiklik hiss edir. Ancaq Ukrayna Gürcüstan qədər kiçik dövlət deyil ki, bir ilin içərisində bütün islahatlar həyata keçirilsin. 42 milyonluq ölkəni idarə etmək sadə məsələ deyil.

 

- Yaxın zamanlara qədər Ukraynanın Milli Ordusu yox idi. Ordu quruculuğu prezident Poroşenkonun rəhbərliyi ilə başlayıb. Sizin bu prosesə baxışınız necədir?

- Ukrayna NATO sistemi üzrə çox uğurlu şəkildə öz ordusunu yaradır. Artıq yaxın 5 ildə prosesin tam başa çatması ilə bağlı qərar var. 0-dan başlayıb 5 ilə NATO sisteminə tam cavab verən ordu yaratmaq çox böyük sıçrayışdır. 2 il içərisində ölkənin hərbi-sənaye potensialı dəfələrlə güclənib. Bunu təqdir etməmək mümkün deyil.

 

- Hakimiyyət dəyişikliyindən sonra demək olar bütün siyasi liderlər milli təhlükəsizlik sistemində Kremlin geniş agentura şəbəkəsinin olduğunu bildirirdilər. Bu sahədə durum necədir? Kremlin əlini nə qədər «kəsmək» mümkün olub?

- Elə bir postsovet ölkəsi yoxdur ki, bu problemi yaşamasın. O sıradan Azərbaycan. Ukraynada da belə olub və Rusiyanın xüsusi xidmət orqanları ilə işbirliyində olan şəxslərin bir hissəsi hələ də vəzifə başındadır. Qısa desək, mübarizə davam edir. Yəqin ki, uzun çəkəcək…

 

- Paytaxtın durumu necədir? Mer Kliçko ilk aylarda çox tənqid olunurdu…

- İndi də tənqid olunur, amma ona inam var. Ukraynalılar deyir ki, o, professional idmançı idi, şəhər təsərrüfatını bilmirdi, amma təmiz adamdır, hər zaman pulunun leqal yolla qazanıb, bu gün də rüşvət almır, deməli, yeni işini də öyrənər. Kiyevlilər onun ətrafının daha çox təmizlənməsini istəyir, o proses də gedir. Kliçko nüfuzlu adamdır, əlaqələrini Kiyev üçün xərcləyir. Bu gün ölkə yollarının düzəlməsi üçün Dünya Bankı və Avropa Yenidənqurma İnkişaf Bankı 1 milyard 118 milyon avro çox vəsait ayırıb. Deyirlər, Ukraynada böhrandır, amma ən yaxın tarixlərdə Kiyevdə 400-dən çox binanın tikintisinə başlanıb. Əhalinin alıcılıq qabiliyyəti aşağıdır, ancaq bu sahəyə yatırım var.

 

- Bu sektora daha çox hansı ölkənin investorları maraq göstərir?

- Çexiya, Polşa investorlarının. Ölkədə qanunların Avropa standartlarına uğunlaşdırması prosesi gedir və buna görə də investorlar Ukraynanı artıq riski ölkə saymırlar.

 

- Fəhmin bəy, Ukraynada demokratiya inkişaf edir, islahatlar aparılır, iqtisadi yüksəliş üçün ciddi cəhdlər var, bəs, ölkə işğalı necə dayandırmaq fikrindədir? Krım və ölkənin şərqində bu gün Rusiyanın nəzarət elədiyi ərazilərin - Luqans, Donetskin yenidən mərkəzi hakimiyyətin nəzarətinə qaytarılması üçün Ukrayna açıq savaşır, yoxsa, dünya birliyinin Rusiyanı çökdürəcəyini gözləmək fikrindədir?

(ardı var)

 





13.04.2016    çap et  çap et