Vaxt.Az
«Seçilmək xəstəliyi»
Bir “bərkgedən” dövlət nömrə nişanının qiyməti 2500 manat. Əla! Sən demə küçələrdə tükürpədən əyləc səsi ilə yanımızdan keçənlərin haradasa buna haqqı varmış. Bir nömrəyə 2500 manat verən kimsə bunu nə iləsə gözə çatdırmalıdır axı...
Bu qiymətlər “Dövlət rüsumu haqqında” Qanuna əsasən, bir neçə ay bundan əvvəl rəsmiləşdi. Elə nömrə var ki, qiyməti 1500 manat, eləsi də var ki, 2500 manatdır, məsələn, 001, qoşa hərflə. 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat məbləğindədir. Görəsən, bu nömrələri alan var?
Sən demə, nömrə almaq üstündə növbədir.
Demək, bizdə vəziyyət o qədər də pis deyil. Düzü, təəccüblənmədim. Çünki “özünü göstərmək” xəstəliyi bizim çoxumuza yoluxub. Çox maraqlı yanaşmadır. Amma iş gedib bu nömrələrə pul saymaqla bitmir, axı. Gərək bahalı nömrə olduğunu ətrafdakılar da fərq etsin.
Elə buna görə də, şəhərin ortasında təhlükəli manevr edib diqqət çəkirlər. Və buna nail olurlar da, bəzən kimlərin həyatı bahasına olsa da belə. Şəhərdə bir çoxları elə nömrələri ilə tanınır.
Dərd ondadır ki, yalnız avtomobilinin nömrəsi ilə fərqlənə bilən “bərkgedən”lər ətrafdakılara yuxarıdan aşağı, hərdən də ürəyi ağrıyaraq baxırlar. Onlar qazancı yazı-pozudan çıxanları, ümumiyyətlə, anlaya bilməyib, dürlü-dürlü, canıyanmışlıqla məsləhət verirlər ki, bundansa özümüzə bir çörəkli iş tapaq.
Seçilmək, seçilmək, seçilmək!!! Təəssüf ki, “seçilmək xəstəliyi”nin peyvəndi yoxdur. Axtarsaq görərik ki, bu xəstəlik bir çox istiqamətdə yayılıb. Bizdə deputatlığa, bələdiyyə seçkilərinə namizədliyini verən hesab edir ki, mütləq o, seçilməlidir. Hətta bir dairədən 10 namizəd olsa belə.
İndi “Eurovision” ərəfəsində seçilmək üçün xeyli səylər göstərilir. Özü də ağlabatmaz şəkildə. Hər nə isə, dedim axı, bu xəstəliyin nə peyvəndi var, nə də müalicəsi. Bütün anormal şəkillərdə özünü göstərənlərə dözməli olacağıq. Səbrli olun!
19.05.2012 çap et