Vaxt.Az

Neftin Dohadakı taleyi


 

Sabahkı görüşünün nəticəsiz bitmə ehtimalı böyükdür

Neftin Dohadakı taleyi Səudiyyə Ərəbistanı şahzadəsi və müdafiə naziri Məhəmməd bin-Salmanın bugünkü bəyanatından sonra Qətərin paytaxtı Doha şəhərində neft hasilatçısı ölkələrin görüşünün məqbul nəticə ilə bitməsi ehtimalı təhlükə altına düşüb.

Virtualaz.org «Bloomberg» agentliyinin məlumatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı şahzadəsi kəskin şərt irəli sürüb: onun ölkəsi hasilat həcmini yalnız bir halda donduracaq ki, bu addımı bütün iri neft hasilatçıları, o cümlədən də İran atsın.

Xəbər verdiyimiz kimi, İran sabahkı görüşdə hər hansı formada iştirakdan imtina edib və bu, birmənalı şəkildə görüşün nəticəsiz qalma ehtimalını yüksəldir. Çünki görüşdə iştirak etməyən, eyni zamanda, bu gün Avropa İttifaqının nümayəndələri ilə neft ixracatı imkanlarını müzakirə edən bir ölkənin hasilat həcmini dondurması inandırıcı deyil. Nəzərə alsaq ki, İran uzun illərdən sonra xarici ölkələrə neft ixracatına başlayıb, qiymət məsələsi bu ölkə üçün birinci dərəcəli əhəmiyyət kəsb etmir.

«İri hasilatçılar dondurulma fikri ilə razılaşmasalar, biz də dondurmayacağıq. Və əgər dondurmayacağıqsa, onu (nefti — virtualaz.org) istənilən qiymətə satacağıq», - Salman belə deyib. Şahzadə və eyni zamanda müdafiə nazirinin sözlərinə görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı neftin qiymətinin aşağı səviyyədə olmasından əziyyət çəkməyəcək. «Bir barrel neftin qiymətinin 60-70 dollara qədər qalxması inkişaf üçün yaxşı təkan olardı. Fəqət, bu mənim mübarizəm deyil. Bu, neftin ucuzlaşmasından əziyyət çəkənlərin mübarizəsidir», - bu sözlər Məhəmməd bin-Salmana aiddir.

Hər şey sabah Qətərin paytaxtında həll olunacaq, amma elə indidən bu görüşün başlamamış uğursuzluqla bitməsi ehtimalının yüksəkliyi barədə fikir yürütmək mümkündür. Belə olacağı təqdirdə isə bazar ertəsi günü səhər birjalarda nələrin baş verəcəyini iqtisadiyyatdan az-çox başı çıxan hər kəs anlayır.

 





16.04.2016    çap et  çap et