Vaxt.Az

Müstəqillik əleyhdarları revanşda


 

Sülhəddin Əkbər: «Sevinclə gözləyirlər ki...»; Rusiyanın «xilaskar missiya»sı təbliğ edilir

Müstəqillik əleyhdarları revanşda Azərbaycan mediasında və sosial şəbəkələrdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Rusiyanın vasitəçiliyi ilə yaxın vaxtlarda işğaldan azad ediləcəyinə dair təbliğat aparılır. Prezident Putinin sözçüsü kimi tanınan, politoloq Sergey Markovun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Kazan formulunu təklif etməsindən sonra Rusiyanın xilaskar obrazında təbliğatına başlanılıb. Halbuki aprelin 2-də cəbhə xəttində hərbi əməliyyatlar başlayanda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirmişdi ki, münaqişənin yeganə həll yolu Ermənistanın Azərbaycan ərazisindən öz qoşunlarını çıxartmasından keçir.

Ancaq bu təklif sanki diqqətdən kənarda qaldı və onun beynəlxalq səviyyədə dəstək qazanması üçün real addımlar atılmadı. Bundan fərqli olaraq, münaqişənin Kazan formulu əsasında həll edilməsi ideyası ortaya atılan kimi Rusiyanın guya işğal etdiyi torpaqları azad etmək üçün Ermənistana təzyiq etdiyi, tezliklə ən azı ətraf rayonların Azərbaycana qaytarılacağına dair məqsədyönlü təbliğat başlanıldı. Bu siyasi kampaniyanın aparılmasında kimlərinsə maraqlı olduğu açıq hiss edilir. Kreml də bu işi Azərbaycanda müəyyən siyasi dairələrin, əsasən də hakimiyyət daxilində Rusiyaya yaxınlığı ilə seçilən və «5-ci kolon» adlandırılan qüvvənin əli ilə həyata keçirir. Kazan formulunun əsl mahiyyətindən məlumatsız olan vətəndaşlar isə torpaqların azad olunacağı xəbərini sevinclə qarşılayır. Lakin bu təkliflər paketinin Azərbaycan üçün bir siyasi tələ olmasından xəbərsizdir.

Xatırladaq ki, 2011-ci ildə Rusiyanın baş naziri Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə təklif olunmuş təkliflərə əsasən işğal altındakı 5 rayonun qaytarılması, münaqişə bölgəsinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi və Dağlıq Qarabağın statusunun qeyri-müəyyən müddətə müəyyən edilməsi nəzərdə tutulur. Bu isə Dağlıq Qarabağın Laçın və Kəlbəcər rayonları ilə birlikdə qeyri-müəyyən müddətə Ermənistanın nəzarətində qalacağı deməkdir. Əraziyə sülhməramlı adı altında rus qoşunlarının yerləşdirilməsindən sonra Azərbaycan heç vaxt həmin əraziləri hərbi yolla qaytara bilməz. Çünki dərhal Rusiyanın silahlı müqaviməti ilə rastlaşar. İkincisi, Rusiya ordusunun gəlməsi ilə Dağlıq Qarabağda Ermənistanın hərbi gücü ikiqat artmış olar. Bütün bunlar isə Dağlıq Qarabağ münaqişəsinin əbədi uzanması və həmin torpaqların itirilməsi deməkdir. Ancaq görünür, kimlərsə, öz siyasi maraqlarını həyata keçirmək üçün Rusiyanın bu planından faydalanmaq istəyir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, cəbhədə atəşkəsin intensiv şəkildə pozulması, həmçinin Rusiyanın xilaskar qismində təbliğ edilməsi Kremlin siyasətinin tərkib hissəsidir. Məqsəd Dağlıq Qarabağ münaqişəsini və onun həllini nəzarətdə saxlamaqdır:

«Məqsəd bu məsələdə digər xarici qüvvələrin müdaxiləsinə imkan verməməkdir. Çünki Rusiya bu regionu özünün geosiyasi məkanı hesab edir. Rusiya atəşkəsi pozmaqla bir tərəfdən ABŞ-a, o biri tərəfdən də Azərbaycana burada söz sahibi olduğunu göstərdi. İkincisi, bu münaqişəni həll edə biləcək yeganə qüvvənin də Rusiya olduğunu nümayiş etdirmək istədi. Həm də dünyada, həm regionda geosiyasi qarşıdurmanın dərinləşdiyi bir vaxtda münaqişənin həll olunacağını düşünmürəm.

Sadəcə olaraq, bu Rusiyanın çox ciddi və ağır həmləsidir. Məqsəd Ermənistana təzyiq göstərib Rusiyanın şərtlərinə razı salmaq, Azərbaycanı isə şirnikləndirib öz şərtlərini qəbul etdirməkdir. Ancaq şərtlər o qədər ağırdır ki, heç bir tərəf onu qəbul edə bilməz. 5 rayonun qaytarılmasından sonra nə olacağı, cəbhə xəttinin haradan keçəcəyi məlum deyil. Məqsəd Rusiya sülhməramlılarını Azərbaycana gətirməkdir. Lakin tələblər bununla bitmir. Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını istəyir. Eyni zamanda, İran və Türkiyə ilə olan sərhədləri FTX-nin nəzarətinə götürmək məqsədi güdür. Belə olarsa, Azərbaycan nəinki Dağlıq Qarabağı, bütövlükdə öz suverenliyini itirə bilər. Buna da heç bir dövlət başçısı razı olmaz. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi bu şərtləri qəbul etməyəcək».

Sülhəddin Əkbər onu da bildirdi ki, münaqişənin guya Kazan formulu əsasında həll olunacağı və 5 rayonun Azərbaycana qaytarılacağı barədə təbliğatın başlanması hakimiyyət çevrələrində «5-ci kolon»un fəallaşması ilə müşahidə olunur:

«Hətta Sovet dövründən də güclü olan Rusiyanın «5-ci kolon»u bu təklifi sevinclə qarşılayır. Onların mövqeyini hakimiyyət daxilində daha da möhkəmlətmək istəyir. Onlar sevinc və həyəcan içərisində bunu gözləyirlər. Təəssüf ki, bu təhlükəni bəzi vətəndaşlarımız görmür. Rusiya imperiyası 1721-ci ildə yaranıb və ilk hərbi yürüşünü 1722-ci ildə Xəzər sahili boyu Azərbaycan olub. Rusiyanın bu siyasətinin mahiyyəti indiyə qədər də dəyişmir».

 





16.04.2016    çap et  çap et