Vaxt.Az
«Gücümüz uşağa çatmasın»
Evimizin yaxınlığında iki uşaq bağçası var. Hər səhər pəncərənin qabağından balacaların səsini eşidirəm. Bağçaya getmək istəməyən, ayaqlarını yerə çırpan, mızıldanan uşaq səsləri. Onları eşidəndə biixtiyar gülümsünürəm, öz qızımın bağçaya getməmək üçün icad etdiyi üsulları xatırlayıram. Amma bəzən uşaqlarla yanaşı, qanqaraldıcı səslər də eşidirəm - körpələrə əsəbiləşib özündən çıxan anaların səsləri.Bəziləri kapriz edən uşaqlarını sadəcə saya salmır, onlara acı cavab verməklə keçinir. Təbii, balalarını şirin dilə tutanlar da olur. Amma elələri var ki, qışqır-bağırı bütün məhəlləni basır. Ən pisi odur ki, hərdən çığırtılara şapalaq səsi də əlavə olunur... Adi məsum bir əməlinə görə analar uşağı əməllicə çırpır, sillə vurur, hətta küçə ilə sürüyərək bağçaya aparır.
Son vaxtlar bu cür səhnəyə istənilən yerdə, xüsusilə də ictimai nəqliyyatda rast gəlmək olar. Uşaq oturmaq istəməyəndə - bir çimdik, mızıldananda – bir qapaz, ağlımsınanda – daha birisi. Bəziləri körpə ağlamasın deyə əli ilə ağzını tutur, az qala onu boğurlar. Valideynlər, xüsusilə də analar sanki azyaşlı uşaqlara əl qaldırmaqla fəxr edirlər. Hərdən adama elə gəlir ki, böyüklər həyatlarındakı bütün problemlərin acığını uşaqdan çıxır, üzləşdikləri haqsızlıqlara etiraz edə bilməyəndə, güclərini öz balalarına nümayiş etdirirlər. Başqaları evdə uşaq qığıltısı eşitməyin həsrətini çəkəndə, övlad sahibi ola bilmək üçün illərlə müalicələrdə olanda, bunlar Allahın göndərdiyi bu bəxşişin qədrini bilmir.
Qapazaltı insan şəxsiyyət kimi böyüyə bilməz. Gələcəkdə özünə qarşı haqsızlıqlara etiraz edə bilməz. Axı ailədə aqressiya ilə üzləşən körpə böyüyəndə necə mehriban övlad, ləyaqətli insan ola bilər? Son vaxtlar bütün dünyada psixoloqlar həyəcan təbili çalır: təhlükəli manyakların əksəriyyəti uşaq vaxtı ailədə zorakılıqla üzləşən insanlar olur. Aydın məsələdir - hər gün döyülən uşaqdan nə valideynə, nə də cəmiyyətə layiqli və faydalı övlad yetişə bilər.
Bütün bunlardan başqa, uşağa qarşı zorakılıq həm də ciddi qanun pozuntusudur. Övladına əl qaldıran hər bir kəs qanun qarşısında məsuliyyət daşıyır. Buna görə ana-atanı hətta valideynlik hüququndan məhrum etmək olar. Odur ki, bu həddə gəlib çatmamış, əl qaldırmaq istəyəndə düşünün, qarşınızdakının kim olduğu haqda bir qədər dərindən düşünün...
04.08.2012 çap et