Vaxt.Az

Doha görüşü


 

Nefti bahalaşdırmaq üçün əla spekulyasiya

Doha görüşü Rusiyanın energetika naziri Aleksandr Novak bu ilin yanvarında neft ölkələrinin hasilatı dondurması təşəbbüsü ilə çıxış edəndə heç kim ona ciddi yanaşmadı. Çünki neftin qiyməti dibə enmişdi, 30 dollardan da aşağı idi və durmadan ucuzlaşırdı. Bütün şərtlər onu deməyə əsas verirdi ki, qiymətin daha da aşağı enməsi qaçılmazdır. Hətta nüfuzlu investisiya şirkətləri, banklar neftin 10 dollara qədər ucuzlaşacağını proqnozlaşdırırdılar. Bazara gündəlik tələbatdan 1.5-2 milyon barrel neft çıxarılırdı, sanksiyaların ləğvindən sonra İran hasilatı sürətlə artırıb bazarda itirdiyi mövqeləri bərpa etməyə hazırlaşırdı. OPEC ölkələrinin hasilatı azaltmaq barədə qərar verməsi isə heç cür mümkün olmurdu.

Və belə bir vaxtda OPEC-ə üzv olmayan Rusiyadan hasilatı dondurmaq barədə təşəbbüs irəli sürüləndə bunun nefti xilas etmək üçün hansısa ciddi təsirinin olacağına heç kim inanmadı. Ancaq indi belə görünür ki, hasilatçı ölkələr Aleksandr Novaka və onunla birlikdə hasilatı dondurmaq barədə təşəbbüsü irəli sürüb iki aydan çoxdur bu ideyanı KİV-lərdə «fırladanlara« doğrudan da sağ o deməlidir. Çünki ideyanın özünün fəal müzakirə edilməsi, KİV-lərdə bu mövzu ətrafında aparılan spekulyasiya bugünkü Doha görüşünün nəticəsiz bitməsi halında belə artıq öz nəticəsini verib. Neftin qiyməti 45 dollara yaxınlaşıb və bu, optimal rəqəmdir.

Azərbaycanın da dəvət aldığı Doha görüşündə bir sıra neft ölkələrinin hasilatı oktyabr ayına qədər dondurması nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycanın özünün bu təşəbbüsə qoşulmağa dəvət edilməsi və Bakının buna müsbət cavab verməsinin özü hasilatın dondurulması spekulyasiyası baxımından daha bir uğurlu gedişdir. Çünki onsuz da Azərbaycanın hasilatı artırmaq üçün texniki imkanları məhduddur, üstəlik, «Günəşli»dəki platformalardan birinin sıradan çıxması hasilatın azalmasına səbəb olacaq. Deməli, Azərbaycan hasilatı dondurmaq ideyasını dəstəkləməsi tamamilə formal xarakter daşıyacaq.

Energetika naziri Natiq Əliyev «Vedemosti«yə açıqlamasında deyib ki, Doha görüşünün iştirakçılarına imzalamaq üçün kiçik mətn təqdim edilib. Orada hasilatı bu ilin oktyabr ayına qədər dondurmaq nəzərdə tutulur. Bəs hasilatın dondurulmasına kim nəzarət edəcək, bunun mexanizmi necə olacaq, sənədə imza atan ölkələr buna məhəl qoymayacaqlarsa necə olacaq? Bütün bu suallar açıq qalır.

«Biz bu razılaşmanı imzalamağa hazırıq və Rusiya ilə hasilatın dondurulması məsələsində tam həmrəyik. Bizim hədəflərimiz və maraqlarımız eynidir» - Natiq Əliyev deyib.

Lakin həmin mətnin bütün iştirakçı ölkələr tərəfindən imzalanacağı hələ məlum deyil. Çünki Səudiyyə kralı Salman elan edib ki, İran hasilatı dondurmasa onun ölkəsi də belə addım atmayacaq. Bu baxımdan Doha görüşündə əsas intriqa Səudiyyə Ərəbistanı ilə İran arasında gedəcək. əgər sənəd imzalansa analitiklər neftin bir az da bahalaşacağını gözləyir. Hərçənd ki, hasilatın indiki həcmində belə bazara gündəlik tələbatdan 1.5 milyon barrel çox neft çıxarılır. Deməli razılaşma bazarda tələblə təklif arasındakı münasibəti dəyişməyəcək. Ancaq birjalarda spekulyasiya üçün bu razılaşmanın effekti olacaq və indi bütün brokerlərin nəzərləri Dohaya tikilib...

 





17.04.2016    çap et  çap et