Vaxt.Az

««Eurovision»dan nələri öyrəndik?»


 

««Eurovision»dan nələri öyrəndik?» Siz Bakıda küçələrin belə enli, geniş və səliqəli olduğunu bilirdiz? Bunu görürdünüz? Mən görə bilmirdim. Yalnız “Eurovision” sayəsində kəşf etdim ki, Bakının mərkəzi küçələri kifayət qədər enli, geniş imiş.
Onlardan biri də qonşuluğumuzdakı 28 may küçəsidir. İndi bu küçədən yanaşı 3 avtomobil rahatlıqla keçə bilir. Əvvəllər isə  küçənin hər iki kənarı maşınlarla dolu olduğundan yalnız piyadaların maneəsiz keçməsinə imkan vardı.
“Eurovision”un köməyilə bunu da aşkarladım ki, sən demə, iş yerimdən evə 15 dəqiqəyə gedib çata bilərəmmiş. Adətən, avtobusla bu yolu qət etmək azı 50 dəqiqə çəkir. Özü də saatın fərqi yoxdur – istər gündüz, istər axşam.
Mahnı müsabiqəsi bizə onu göstərdi ki, Bakını təmiz saxlamaq da olarmış. Həm bulvar, həm də ətraf küçələr gündə bir neçə dəfə təmizlənir, sakinlər də istər-istəməz təmizlik qaydalarına əməl edirlər, zibili yerə yox, qutulara atırlar. Avtobuslar harda gəldi saxlamadığına görə sərnişinlər də dayanacağa gedirlər.
“Eurovision”dan həm də onu öyrəndim ki, Azərbaycan polisi çox nəzakətli imiş. Nəsə soruşmaq istəyəndə, daha onların zəhmli üzləri ilə qarşılaşmırsan. Eləcə də, yol polisi sürücülərdən maşınları qadağan olan yerdə saxlamamağı bağıraraq əmr etmir, xahiş edir.
Bakıda havanın tozlu olmasına səbəb olan tikintilər də dayandırılıb. İndi şəhərdə sinədolusu nəfəs almaq mümkündür. Bir sözlə, bütün qurumlar məhz qanunlarda göstərildiyi kimi, işləyir, hər təşkilat öz işini görür. Bakı əsl yaşamalı şəhər olub.
Təəssüf ki, bu idilliya yalnız Bakının mərkəzində hökm sürür. Bir qədər kənar prospektlərə çıxan kimi… Yenə də tıxaclar, yenə də sərnişinlərin bir-birinə və sürücüyə qarşı dözümsüzlüyü. “Eurovision” onu göstərdi ki, biz sivil ölkənin sivil vətəndaşı, məmuru, polisi, sürücüsü ola bilirik. İstəyəndə...
 





26.05.2012    çap et  çap et