Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Universitetin Ədəbiyyat fakültəsinin dekanı, professor Erhan Afyoncu «Türk dünyasının müstəqilliyindən 25 illik bir zaman ötür, amma problemlərlə bağlı elə də irəliləyiş olmayıb. Arzularımızla reallıq uyğun gəlmir, türk ziyalıları bunun həlli üçün çalışmalıdırlar», - deyib.
Daha sonra millət vəkili Cavanşir Feyziyev, türkiyəli professorlar Okan Yeşilot, Ahmet Taşağıl, Ahat Andican söz alaraq Türk dünyasının problemləri və gələcəyi ilə bağlı məqamları müzakirə ediblər.
Təqdimatda çıxış edən millət vəkili Cavanşir Feyziyev qlobal inteqrasiyanın qaçılmaz olduğunu önə çəkərək Turanın birliyi ilə bağlı düşüncələrini dilə gətirib: «Dünya siyasi xəritəsində bir millətin 7 ayrı dövləti varsa, bu, bizim qarşımıza xüsusi öhdəlik qoyur. Yüz illər boyunca bir-biri ilə savaşan Avropa ölkələri bir araya gələ bilirsə, Türk dövlətləri nə üçün birləşməsin?»
Feyziyev dünyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən idarə edilməsinin artıq mümkün olmadığını söyləyib: «Bu beş üzvün həll edə bilmədiyi problemlər G-7, G-8, G-20 kimi formullarla aradan qaldırılmağa çalışılır. Amma G-50 qurulsa belə, artıq dünya bu şəkildə idarə oluna bilməz. Hər bir millətin təmsilçisi dünya idarəsində söz sahibi olmalıdır. Avropada 28 ölkə bir araya gəlib Avropa Şurasını yarada bilirsə, biz də öz millətimiz arasında belə bir birliyə nail olmalıyıq».
Tədbirin sonunda C.Feyziyev Mərmərə Universiteti adından diplomla təltif edilib.