Vaxt.Az

Putin Bakıya mayın sonlarında gələcək


 

Müzakirələrin əsas mövzusu Dağlıq Qarabağdır

Putin Bakıya mayın sonlarında gələcək Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Qarabağ məsələsinə görə Bakıya səfər edəcəyinə dair haqqin.az və virtualaz.org saytlarının yaydığı məlumat başqa mənbələr tərəfindən də təsdiqlənir. Yeni məlumata görə Putinin Bakıya gözlənilən səfəri mayın sonlarına qədər baş tutacaq.

Bu haqda «İnterfaks-Azərbaycan» agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Xatırladaq ki, ötən həftə sonu Moskvadakı mötəbər mənbələrdən haqqin.az saytına Putinin Bakıya səfərə hazırlaşdığı haqda məlumat daxil olmuşdu. Məlumata deyilirdi ki, Putinin təyyarəsi Bakıya uçmaq üçün hazırlanır, ancaq səfərin dəqiq vaxtı Azərbaycan rəhbərliyi ilə aparılan məsləhətləşmələrdən sonra bilinəcək. Mənbə Rusiya prezidentinin səfərinin Qarabağ məsələsi ilə bağlı olduğunu və bu səbəbdən Ermənistanla da məsləhətləşmələrin aparıldığını bildirmişdi.

Daha sonra Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupundakı mənbələr Putinin Bakıya səfərinə hazırlıq getdiyini təsdiqləyib. Mənbələr deyiblər ki, səfər yaxın günlərdə gözlənilirdi, ancaq bir qədər təxirə salınıb.

İndi «İnterfaks»a məlumat verən mənbə də Putinin səfərinin mayın sonlarından gec olmayaraq baş tutacağını, Rusiya prezidentinin İrəvana da səfər edəcəyini bildirib. «Səfərin məqsədi çox güman ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və təmas xəttində baş vermiş son hadisələr olacaq» - mənbə bildirib.

Xatırladaq ki, aprelin əvvəllərində Qarabağda gedən döyüşlərin dayandırılmasından sonra Rusiya prezidenti Ermənistan və Azərbaycan rəhbərləri arasında danışıqların bərpa edilməsi üçün şəxsən təşəbbüs göstərib, bu məqsədlə Kreml bütün diplomatik rıçaqları işə salıb. Lakin Azərbayca rəhbərliyi danışıqların bərpasına hazır olsa da Ermənistan prezidenti Serj Sərkisyan nümayişkarənə şəkildə danışıqlardan imtina edib. Hazırda Ermənistan tərəfi danışıqların bərpası üçün ağlasığmaz şərtlər irəli sürür. Ermənistanın bu davranışı Rusiya prezidentinin sülhməramlı missiyasının iflasa uğramasına səbəb olub və belə görünür ki, Putin bu vəziyyətlə hesablaşmaq niyyətində deyil.

 





10.05.2016    çap et  çap et