Dövlət başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış oldular.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə nazirlik tərəfindən 2008-2016-ci illər ərzində salınmış və damcılı suvarma sistemi ilə təchiz edilmiş yaşıllıqlar barədə məlumat verdi. Bildirildi ki, həmin müddətdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 622 mindən, Bayıl yamacında 463 mindən artıq, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 1 milyon 600 minə yaxın, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 680 mindən çox, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 500 minə yaxın ağac əkilib.
Beləliklə, 2008-2016-ci illərdə respublika ərazisində nazirlik tərəfindən sahəsi 3776 hektar, uzunluğu isə 190 kilometr olan ərazidə ümumilikdə 4 milyon 826 mindən çox ağac əkilərək onlara zəruri aqrotexniki qulluq göstərilib.
Qeyd olunub ki, yaşıllıqlar salınarkən zeytun ağaclarına daha çox üstünlük verilib. Buna görə də hazırda bu ağacların əkildiyi sahələr son yüz ildə Azərbaycanda salınmış zeytun bağlarının sahəsindən üç dəfə çoxdur.
Əkilmiş zeytun ağaclarının sayı isə artıq 1 milyon 268 mini keçib. Son səkkiz ildə nazirlik tərəfindən yaşıllıq sahələrinə 11 min kilometr uzunluğunda damcılı suvarma xətləri çəkilib.
Dövlətimizin başçısına məlumat verildi ki, indiyədək Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ümumi sahəsi 969 hektar, uzunluğu isə 20 kilometr olan ərazidə 58 növdə bir milyondan artıq ağac əkilib.
Onların arasında zeytun, Eldar şamı, sərv, tuya, oleandr, Arizona sərvi, akasiya, göyrüş, lələk, tut, nar, badam, sarağan, meliya və digər ağac növləri var.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ərazidə ağac əkdilər.
Dövlət başçısı və xanımı ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.
Ərazisi 12 hektar olan bu yaşıllıq sahəsində mayın 10-da ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limonad sərvi, leylandi ağacları əkildi.
Qeyd edək ki, hazırda ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirilir.
Bu məsələdə Fondun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.