Vaxt.Az
«Gərginlik səngiyir»
İran-Azərbaycan münasibətlərində gərginlik nisbətən səngiməyə başlayır. İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycanın Milli Bayramı – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Həftənin əvvəlində isə vəziyyət tam fərqli idi. İran Xarici İşlər Nazirliyi Azərbaycandakı nümayəndələrini, məsləhətləşmə adı ilə Tehrana çağırdı. Ardınca Biləsuvar sərhəd keçid məntəqəsindən Naxçıvana gedən yük və bəzi minik avto mobilləri İran sərhədindən Naxçıvan istiqamətinə buraxılmadı.
Hətta İran tərəfi yüklərin və abtomobillərin müvəqqəti sığorta qiymətlərini də artırdı.
Gərginliyin belə davam etməsi təhlükəli perspektivdən xəbər verirdi. Amma son iki gündə İran tərəfdən yalnız müsbət xəbərlər gəlir.
Xarici işlər naziri Əli Əkbər Salehi belə bir bəyanatla çıxış etdi ki, Azərbaycan qonşumuz olmaqla yanaşı, dünyanın ikinci şiə dövlətidir. Nazir hesab edir ki, iki dövlət və iki xalqın üst-üstə düşən maraqlarına hörmətlə yanaşılmalıdır: “Biz son vaxtlar meydana çıxmış problemlərin aradan qaldırılması üçün maksimum səy göstəririk.
Ümidvarıq ki, Azərbaycan hökuməti İran səfirliyi qarşısında baş vermiş yanlış və xoşagəlməz hərəkətə reaksiya verəcək, belə hadisələrin təkrarlanmasına yol verməyəcək”.
Amma nədənsə nazir İranda Azərbaycana qarşı yönəlmiş “yanlış və xoşagəlməz hərəkətlər”dən heç danışmır. Azərbaycan Xarici İşlər Nazirliyinin bu açıqlamaya münasibəti diqqətçəkəndir: qurumun mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, İran rəhbərliyi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında yenidən aksiyaların keçirilməsinə yol verməməlidir.
Bütün hallarda qonşularla münasibətlərin qorunması vacibdir. Bu, yalnız işin xeyrinə olar və xoşagəlməz nəticələrin qarşısı alınar. Emosional çıxışlara yol vermək, problemə hissləri üstün tutaraq yanaşmaq lazımsızdır. İran üçün Azərbaycan kimi qonşusunu düşmənə çevirmək yaxşı gələcək vəd etmədiyi kimi, Azərbaycan üçün də İranla münasibətin pozulması arzuolunan deyil.
26.05.2012 çap et