Vaxt.Az

İnşaat tənəzzülü...


 

...digər bazarları da çökdürür

İnşaat tənəzzülü... Ötən ildən inşaat bölməsində müşahidə olunan tənəzzülün təsirləri ilə bu ilin ilk 4 ayında tikinti materiallarının istehsalı 28,6 faiz, mebel istehsalı isə 14,2 faiz azalıb. Bununla yanaşı tikinti maşın və avadanlıqlar parkının yeniləşmə sürəti də aşağı düşüb.

Hazırda mövsümi amillərin təsiri ilə nisbi canlanma müşahidə edilən bölmədə əsas sifarişlər fərdi xarakter daşıdığından qısa müddətli effekt yarada biləcək və uzunmüddətli dövrə gözlənilən tənəzzülün qarşısını ala bilməyəcək. Hazırda bu bölmə ciddi sərmayə qıtlığı, kapital qoyuluşları problemini yaşayır. İnvestisiya cəlbi bütövlükdə iqtisadiyyatda işgüzar mühitin yaradılması, tikintiyə icazənin verilməsi, inşa olunmuş tikintinin qeydiyyat prosedurlarının sadələşdirilməsi hesabına mümkündür. Dünya Bankının «Biznesə necə başlamalı» hesabatında göstərilir ki, Azərbaycan tikintiyə icazənin alınması və onun qeydiyyatı ilə bağlı prosedurların mürəkkəbliyi, tələb olunan müddətinin uzunluğu və xərclərin bahalığına görə, dünyanın 189 ölkəsi arasında 114-cüdür. Həmin hesabatda göstərilir ki, tikintiyə icazə alınması üçün orta hesabla 18 prosedur və 203 gün tələb olunur.

Müqayisə üçün qeyd edək ki, bu göstərici üzrə Gürcüstan 11, Qırğızıstan 20-ci, Ermənistan 62-ci, Qazaxıstan 92, Türkiyə 98-ci yeri tutur. Bu isə o deməkdir ki, nə qədər ki, Azərbaycanın reytinqi yaxşılaşmayıb, bir o qədər də inşaata yönələn xarici sərmayələr adları çəkilən qonşu dövlətlərə yönələcək. Odur ki, iqtisadiyyatın modernləşdirilməsi üçün başlıca bölmələrdən hesab olunan tikintinin problemlərinin həlli həmin bölmədə təxirəsalınmaz islahat tədbirlərindən asılıdır.

 





17.05.2016    çap et  çap et