Vaxt.Az

«Müharibənin özü yox, söhbəti...»


 

«Müharibənin özü yox, söhbəti...» ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirməkdə niyyətinin tamamilə ciddi olduğunu açıqladı. Belə ki, 2013-cü ilin dövlət büdcəsi layihəsinə Tehran əleyhinə hərbi əməliyyatların maliyyələşməsi də salınıb. Büdcə xərclərinə dair paketə əlavəni ABŞ prezidenti administrasiyası edib.
Demokrat konqresmen Dennis Kusiniçin bu barədə bəyanat verməsi də vəziyyətin kifayət qədər ciddi olduğunu söyləməyə əsasdır.
Xəbər yayılan andan geniş müzakirələrə səbəb oldu.
Baxmayaraq ki, İrana qarşı ABŞ və İsrailin hərbi əməliyyatlar keçirəcəyi yeni xəbər deyil. Ancaq məsələnin büdcə layihəsində nəzərdə tutulması söhbətin ciddiliyinə dəlalət edən təkzibolunmaz faktdır. 
ABŞ-ın İsraildəki səfiri Den Şapiro Təl-Əvivdə vəkillər qarşısında çıxışı zamanı deyib ki, Vaşinqton İranın nüvə problemini diplomatiyanın və sanksiyaların köməyilə həll etməyə çalışır, lakin hərbi əməliyyatlar planı da hazırdır. Bəzi ekspertlər hesab edir ki, məsələnin diplomatiya, danışıq yolu ilə həlli ehtimalı getdikcə azalır.
Çünki tərəflərin heç biri geri addım atmaq istəyi nümayiş etdirmir.
Əslində, hazırkı vəziyyətdə müharibə nə ABŞ-a, nə İrana sərf edir. Ən çox ehtimal olunan variantlardan biri odur ki, ABŞ İranın nüvə obyektlərini dərinlik bombaları ilə məhv edəcək. Hətta Pentaqon rəhbərliyi bildirib ki, heç kim bu planın reallaşdırılacağı ərazilərdə yaşamaq istəməzdi.
Bəli, müharibə ehtimalı var, amma heç kim deyə bilməz ki, ABŞ və İsrail artıq 100 faiz İranla müharibəyə qərar verib. Çünki ABŞ-da, konqresmenlər səviyyəsində, başqa ölkələrin ərazisində hərbi əməliyyatlar aparmasına qarşı çıxanlar çoxdur.
Qanun layihəsində İrana havadan və dənizdən əməliyyatlar üçün lazımi aviasiyanın, döyüş sursatlarının və yanacağın regiona çatdırılması əksini tapıb. D.Kusiniç isə layihəyə etiraz edənlərə xitabən “bəziləri iddia edə bilər ki, qanun layihəsi heç də müharibəni sanksiyalaşdırmır, amma bu sənəd bizi müharibəyə hazırlayır” - deyə bildirib.
Ən maraqlı odur ki, D.Kusiniç bir tərəfdən bu sözləri deyir, digər tərəfdən də İranla müharibənin ABŞ-ın maraqları üçün fəlakətli nəticələrə səbəb olacağını bildirərək respublikaçıları qətiyyətlə sənədin əleyhinə səs verməyə çağırır.
ABŞ, ümumiyyətlə, antiterror əməliyyatlar üçün 88 milyard dollar xərcləməyi nəzərdə tutub. ABŞ-ın bu məbləğdən özü üçün lazımi bölgələrdə gərginlik yaratmaq naminə istifadə edəcəyi ehtimal olunur.
Son məlumatlara görə, İranın nüvə proqramı ilə bağlı Tehranla “altılıq” arasındakı danışıqlarda irəliləyiş hiss olunmalıdır. Müharibənin olacağı barədə xəbərlər daha çox qarşı tərəfə təzyiq üçündür.
Amma onlar hazırda İran rəhbərliyinə dünya ictimaiyyətinin inanmadığını da nəzərdən qaçırmamağı tövsiyə edirlər. İrana qarşı çıxanlar, əsasən, ölkədə insanların qısa çəkən məhkəmə ilə edam olunmasına etiraz edirlər.
 





23.05.2012    çap et  çap et