Vaxt.Az

Kimə oxşamağa başladıq?


 

Ardı-arası kəsilməyən intiharlar və vəhşi cinayətlər...

Kimə oxşamağa başladıq? «Kişi həyat yoldaşını qətlə yetirdi», «Bir gündə 5 nəfər intihar etdi», «Orta məktəbdə şagirdə təcavüz edildi» kimi xəbər başlıqları son bir neçə ildə adiləşiblər. Zorakılıq, aqressiya, vəhşicəsinə törədilən cinayətlərə sanki cəmiyyət də öyrəşir. Əks-səda doğuran hadisələrin isə bir o qədər də əhəmiyyət daşımayan detalları müzakirə olunur. Məsələn, Şamaxının Pirbəhli kənd məktəbində təhsil alan qızın öz müəllimindən hamilə qalması hadisəsində sosial şəbəkələrdə daha çox 7 aylıq hamilə qıza bakirə olduğu barədə rəy verilməsi və insanın bakirə ola-ola necə hamilə qala bilməsi müzakirə olundu.

Yaxud da intihar hadisələrində özünü öldürənin qınanması, onun cəhənnəmə gedəcəyini proqnozlaşdırmaq da baş verənlərə lazımi reaksiya verməməyin göstəricisidir. Müşahidə isə göstərir ki, cəmiyyət hadisələrə adekvat reaksiya vermədikcə bu mənfi halların da sayı artır.

Adətən, Türkiyə mətbuatından belə xəbərlər oxuyub təəccüblənən insanlar son bir neçə ildir ki, həmin dəhşətləri yerli mətbuatda da oxuyur. Bəs cəmiyyətdə bu problemləri yaradan səbəb nədir? İnsanlar niyə bir-birinə qarşı aqressivdir? Azərbaycanda intihar, zorakılıq, təcavüz hallarının sayı niyə artır?

Virtualaz.org-un suallarını sosioloq Cavid İmamoğlu cavablandırır. Onun sözlərinə görə, bunun kökündə duran səbəblərdən biri intihar, zorakılıq kimi hallara münasibətin normal olmamasıdır:

«Məsələn, hansısa qadın zorakılığa məruz qalırsa, bu xanım hara müraciət edəcəyini bilmir. Ataya müraciət edə bilmir, çünki ailə onu dəstəkləmir və qorxur. Eyni zamanda, polisin də belə hadisələrə münasibəti polis münasibətidir, bu zaman psixo-sosial məqamlar nəzərə alınmır. Məsələn, Avropada belə hallarda polislə paralel olaraq psixoloqlar da hadisəyə müdaxilə edir, araşdırmalar aparır və proses travmasız başa çatır. İstər ailə, istərsə də dövlətin təsisatları baxımından Azərbaycan hazırda zorakılıq hallarının qarşısını almağa hazır deyil.

Hazırda Azərbaycanda zorakılıq qurbanları üçün sığınacaqlar da yoxdur, varsa da, sayı həddən artıq azdır».

Sosioloqun fikrincə, Azərbaycan cəmiyyəti qadına qarşı zorakılığı tam olaraq zorakılıq kimi qəbul eləmir:

«Zorakılıq hallarının da azalması, aradan qalxması üçün cəmiyyətdə qadına münasibət dəyişməlidir. Əgər münasibət dəyişsə, onda istər intihar olsun, istər zorakılıq halı, polisin də hadisə yerində davranışı dəyişəcək. Psixoloqun da iştirakı ilə hadisə travmasız ötüşə biləcək.

İntihar hallarında da vəziyyət oxşardır - insanlar intihar hadisələrinə müəyyən stereotiplərlə, miflərlə yanaşılar. Deyirlər ki, Allaha qarşı getdi, intihar etdi. Əslində isə, özünü öldürən adamın Allahla bir problemi yoxdur. Həmin andakı emosional vəziyyəti onu bu hərəkətə vadar edir və əksər hallarda intihar edənlər bir müddət əvvəlcədən bunun simptomlarını bəlli edir. Cəmiyyət isə onları görmür, çünki Azərbaycan cəmiyyəti intiharı sosial problem kimi qəbul edə bilmir. Ona görə də, həll yolunu tapa bilmir.

Bəzi hallarda isə media insanları təhrik edərək, intihar hallarının artmasına səbəb olur. Çünki bəzi intihar hadisələrinin təfərrüatları göstərilir, bu da intihar fikrində olanlar üçün yaxşı nümunədir».

C.İmamoğlu deyir ki, cəmiyyətdə müşahidə olunan ümumi aqressiyanın səbəbi bir çox amillər ola bilər, bunlardan ən geniş yayılanı isə ibtidai faktorlar, yəni yoxsulluq, işsizliyin artmasıdır.

«Digər iqtisadi faktor kimi borclanmanın çoxalmasını, bank borcları, iki devalvasiyadan sonra artan maliyyə xərclərini misal göstərmək olar. Digər tərəfdən isə ümumi, sosial faktorlar var. Azərbaycan reallığında sosial faktorlar çoxdur. Tıxaclar, nəqliyyatın pis işləməyindən tutmuş, işə tələsmək gərginliyinə qədər hər şey, həmçinin müharibə ab-havası insanların psixoloji durumuna təsir edir. Bu da zaman-zaman aqressiyanın artması ilə müşahidə olunur».

Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, zorakılıq, intihar, yaxud da bu tipli neqativ halların əsas səbəbi kimi yalnız iqtisadi problemləri əsas götürmək olmaz:

«Məsələn, intihar hallarını götürək. Heç kim kefindən intihar eləmir, hər kəs müəyyən sıxıntılara görə bu yolu seçir. Bunlar insanın özündən qaynaqlana bilər. Səbəbləri araşdırmaq lazımdır ki, niyə baş verir. Psixoloji gərginlik, stress həddindən artıq çoxalıb. Bu da təkcə iqtisadi faktorla bağlı deyil. İnsanlar indi həddindən artıq çox informasiya alır və bunun heç də hamısı lazımlı deyil. Biz əvvəllər müəllim-şagird münasibətini Amerikada eşidirdik, sonra Avropaya gəldi, sonra Türkiyəyə, indi də Azərbaycana. Belə informasiyalar insanların əhvalına pis təsir edir və əhvalı pis olan insan da ətrafa neqativ enerji yayır, bu proses də zəncirvari şəkildə davam edir».

Cəmiyyətin vəzifəsinə gəldikdə isə, E.Rüstəmov hesab edir ki, ayrı-ayrı fərdlərdən ibarət olan cəmiyyət belə problemlərə layiqli cavab verməlidir ki, hadisələri qabaqlasın:

«Məsələn, məktəbdə hansısa xoşagəlməz hadisə olursa, buna direktor dərhal reaksiya verməlidir. Yaxud da ailədə valideyn uşağında hansısa anormallıq hiss edirsə, bununla maraqlanıb, problemli məsələni həll etməlidir».

 





17.05.2016    çap et  çap et