Vaxt.Az

Saxta sement istehsalçısı həbs oluna bilər


 

«AZBETON» sementi bazardan çıxır?

Saxta sement istehsalçısı həbs oluna bilər Qaradağ rayon İcra şöbəsi «Qaradağ AA «UNİVERSAL»» sementinin satışına qadağa qoylumasına dair məhkəmə qərardadını icra edib. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə «Qaradağ AA «UNİVERSAL»» yazısı olan sement kisələrinin hazırlanması və satışı iş üzrə cavabdeh Ağayev Anar Gülağa oğlu və «Məişət Malları» ASC-yə və digər şəxslərə qadağan edilib.

Məhkəmə qərardadının icrasına ilk olaraq saxta sementin istehsal sahəsi olan Qaradağ ərazisində başlanılıb. «Qaradağ EZ SPEAK» MMC-də aparılan icra hərəkətləri nəticəsində Ağayev Anar Gülağa oğluna «Qaradağ AA «UNİVERSAL»» yazılı sement  kisələrinin və məhsulun satışına qoyulan qadağa elan olunub. Anar Ağayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303 və 306-cı maddələrinə dair xəbərdarlıq edilərək ondan iltizam alınıb.

Xatırladaq ki, «Garant İnşaat Sənaye» MMCməhkəməyə müraciət edərək əmtəə nişanı müəssisəyə məxsus «UNİVERSAL» sementinin saxtalaşdırılması, qanunsuz istehsalının dayandırılması, dəymiş maddi zərərin ödənilməsini tələb edib. İddiaçı saxtalaşdırılmış sementin əsasən Xaçmaz, Qusar, Qəbələ, Qax, Zaqatala, Şəki, Balakən, Beyləqan, Fizuli, Saatlı, Sabirabad, Şirvan, Göyçay, Bərdə, Ağcabədi, Ağdaş rayonlarında qeyri-leqal satışına qadağa qoyulmasını tələb edib. Məhkəmənin qərardadı ilə «Qaradağ AA UNİVERSAL» sementin satışı cavabdeh Anar Ağayevə, «Məişət Malları» ASC-yə, bütün topdan və pərakəndə satışa məsul şəxslərə qadağan edilib.

Bazarda saxta sementlərin tüğyan etdiyini bildirən «Azad İstehlakçılar» İctimai Birliyinin sədri Eyyub Hüseynov isə məhkəmə qərarına baxmayaraq, qanunsuz satışın davam etdiyini bildirib. E.Hüseynov deyib ki, dövlət rəhbəri tərəfindən sahibkarlığın inkişafına ən yüksək səviyyədə yaradılmış şəraitdən sui-istifadə edən işbazlar istehlakçı hüquqlarnı və digər qanunları kobud pozurlar: «1 aydan artıqdır ki, İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, hüquq-mühafizə orqanlarına müraciət edərək ölkədə qanunsuz yolla standartdankənar, sertifikatı olmayan sement istehsalı və satışını araşdırmağı xahiş etmişik. Saxta malın istehsalçısı da, istehsal və satış yeri də məlumdur. Azərbaycanda yeganə polipropilen kisə istehsalçısı olan «Məişət Malları» ASC bütün saxta sement mallarının kisələrini buraxır. Bu malın satışına məhkəmə qadağa qoyub. Ancaq aidiyyatı dövlət qurumları heç bir tədbir görmür. Bizə daxil olan məlumatlara görə, rayonlarda qanunsuz sementin satışını yerli məmurlar, bəzi icra strukturlarının rəhbərləri himayə edir. AİİB Xaçmaz, Qusar, Qəbələ, Qax, Zaqatala, Şəki, Balakən, Beyləqan, Fizuli rayonlarının icra hakimiyyəti başçılarına müraciət edərək təhlükəli, standarta uyğun olmayan  «Qaradağ AA UNİVERSAL», «AZBETON» sementinə dair tədbir görülməsinə çağırıb».

 E.Hüseynov deyib ki, «AZBETON» sementi ilə bağlı istehsalçı «Laçın-1» firması müəyyən tədbirlər görməyə çalışır:: «Azbeton» sementinin«AZBENTONİT» markası ilə oxşar olduğundan bazarda qarışdırıldığı, alıcıları çaşdırdığı müşahidə olunur. Bu təqlidi aradan qaldırmaq üçün «AZBETON»un istehsalçısına müraciət etdik. İstehsalçı «Laçın-1» firması AİİB-ə müraciət edərək «AZBETON» sementinin kisəsinin təsvirini dəyişdirdiklərini bildirib. Biz sahibkarın ictimai qınağa və qanunlara belə hörmətlə yanaşmasını təqdir edirik. İstehsalçı da başa düşür ki, malların bazarda qarışdırılması alıcıya hörmətsizlikdir. Lakin bölgələrdən məlumat gəlir ki, hələ də bazarda təqlid olunan «AZBETON» sementi var. Bu məsələləri də araşdıracağıq. Ola bilər ki, bu cür saxtalaşdırmanı əsl istehsalçıdan xəbərsiz işbazlar edirlər. Ümumiyyətlə, sement istehsalında dövlət orqanlarının nəzarəti sanki yox dərəcəsindədir. Qaradağ ərazisində bütün nəzarət və keyfiyyət standartlarından kənar çoxsaylı sement istehsalı sahələri var. Bazarda tanınmış markaların saxtalarını istehsal edib rayonlara çıxarırlar. Belə çıxır ki, rayonlarda tikintilərin taleyi təhlükədədir. İqtisadi İnkişaf Nazirliyinin müvafiq Dövlət xidməti istehlakçının hüququnu pozan bu qanunsuzluğa qarşı tədbir görmür. Standartlaşmaya və keyfiyyətə nəzarət edən dövlət orqanları bu məsələyə biganədir. Hesab edirik ki, Fövqəladə Hallar Nazirliyi tikintilərin dayanıqlığının zərurətini, istehlakçıların və cəmiyyətin təhlükəsizliyini nəzərə alaraq qanunsuz sement istehsalını dayandırmalıdır».

 





23.06.2016    çap et  çap et