Əslində qonşumun qayınanası yaxşı arvaddır. Çox ailəcanlı, qonum-qonşunun xeyrinə-şərinə yarayan. Bayaq dedim, ailəsini, uşaqlarını çox sevir. Ancaq ona ilk və hələ ki, yeganə olan oğlan nəvəsi bəxş etmiş ortancıl kürəkənini, yəni mənim qonşumu bir ayrı istəyir. O biri kürəkənlər, yəni bacanaqlar də qonşumu kişi saymasalar da heç vecinə də almır. Hədiyyələr, cürbəcür şirniyyatlarla arvadın qılığına girməyi bacarır. Arvad da «Ərdə olduğum üç kişidən biri mənə oğul vermədi. Ancaq erkək kürəkənim verdi» deyərək qonşumu hər yerdə öyür. Bir əli də onun üstündədir. Altına maşın, cibinə pul qoyub. Qayınananın sayəsində özü demiş, əli çörəyə çatıb, vəzifə sahibi olub. Arvad indi də onu nəzərindən qoymur. Harada güclü molla, baxıcı eşidir, tez özünü yetirir ora. Bir dua oğlan nəvəyə, birini də atasına yazdırıb qayıdır geri. Qonşunun xanımı bizim xanıma deyirmiş ki, oğlu ilə ərinin pencəyinin astarı, yastığının içi dua ilə doludur. Belə qayınanadan kim inciyər? Hələ orucluq ayında oğlan nəvəsi və onun valideynlərinin salamatlığı üçün oruc tutar, ehsan da verir.
Di gəl arvadın bəzi hərəkətləri qonşuma ağlr gəlir.
«Bu orucluqla məhərrəmlik mənim anamı ağladır. A kişi belə zülm, belə dərd olar?» Soruşanda ki, məhərrəmlikdə nə üçün, sözümü ağzımda qoydu. Adamı od götürdü:
- Bu Şümürün, Yezidin lap gorunu... Onlar imamlarımızı qırmasaydı, mən də hər məhərrəmlik 12 imamın adına ehsan verib bu qədər ziyana düşməzdim.- 12 niyə? Axı imamların hamısı Kərbəlada şəhid olmayıb.
- Yəni demək istəyirsən hamısı Məhərrəmlikdə ölməyiblər. Bəs neçəsi ölüb?- Haradasa ikisi, ya üçü.
Başımı əyərək bir-iki kəlmə də dini-maarifləndirici söhbət etmək istəyirdim ki, qonşumun «Ayə, Allah köməyin olsun» deyərək evə tərəf qaçaraq getdiyini gördüm.