Təəssüflər olsun ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra alıcılara təklif olunur. Hazırda isə son zamanlar ölkədə baş verən davamlı devalvasiya və rus rublunun dəyərinin möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəsiz biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heyvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb.
Mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin balığın qiymətində də artırıcı təsirə malik olacaq. Xüsusilə də nəzərə alsaq təxminən ay yarımdan sonra Qurban bayramı gəlir, o halda da qoyun ətinə artan tələbatın onun qiymətini də bahalaşdıracağına şübhə qalmır.
Ət bazarında qiymət bahalaşması ilk növbədə restoranlarda və kafelərdə ətli yeməklərin qiymətini bahalaşdıracaq.