Vaxt.Az

«Qəbələ RLS-in taleyi necə olacaq?»


 

«Qəbələ RLS-in taleyi necə olacaq?» Rusiyanın Qəbələ RLS-dən imtina edəcəyi xəbərləri yayılır. Bunun Azərbaycan tərəfinin illik icarə haqqını artırması ilə bağlı olduğu qeyd edilir. Rusiyanın Müdafiə Nazirliyi Qəbələ Radiolokasiya Stansiyasının icarə müddətinin artırılması məsələsinə Azərbaycanın qeyri-konstruktiv yanaşdığını iddia edib və bundan məyus olduğunu açıqlayıb.
Moskvada bu fikirdədirlər ki, Azərbaycana birillik icarə üçün ödənilən məbləğə Rusiya ərazisində iki belə stansiya tikmək olar. Qəbələ RLS-nin ciddi şəkildə modernizasiya olunması da kifayət qədər maliyyə xərci tələb edir. Rusiya mətbuatında Qəbələ RLS üçün icarə haqqının 7 milyondan 300 milyon dollara qədər qaldırılması söylənilir. Lakin hələlik, bu barədə son rəsmi rəqəmlər səslənməyib.
Ekspert Cəsur Sümərinli hesab edir ki, Rusiya tərəfi qiymətin artmaması üçün ortaya müxtəlif rəqəmlər atmaqla, əslində manipulyasiya edir. Onun fikrincə, Rusiyanın hazırda Qəbələ RLS üçün ödədiyi icarə haqqı olduqca aşağıdır, bu orta səviyyəli, modernizasiya olunmuş cəmi bir tankın qiymətinə bərabərdir: “7 milyona, hətta müasir qırıcı təyyarə belə almaq mümkün deyil, belə qırıcıların qiyməti 30-40 milyon dollardır”. 
Üstəlik, Rusiya Qazaxıstanda, Qara dənizdə olan hərbi obyektlər üçün xeyli pul ödəyir.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Rusiyanın Qəbələ RLS-dən əl çəkəcəyini real hesab etmir: “İnanmıram ki, Rusiya imtina etsin. Müqavilə müddətinin artıq başa çatma dövrünü nəzərə alıb yeni ssenarilər işə salırlar.
İndi isə ərazi cəhətdən stansiyalar üçün heç də əlverişli olmayan Ermənistanı gündəmə gətirdilər. Sanki, bununla Azərbaycanı qıcıqlandırmaq istəyirlər. Yəni, demək istəyirlər ki, Rusiya onsuz da hərbi baza cəhətindən Ermənistanda qurulub, indi hava hücumundan müdafiə sistemləri və informasiya mərkəzlərini də ora köçürə bilər.
Lakin bütün bunlar ona görə söylənir ki, Rusiya öz şərtlərini diktə etsin”.
Deputat Azərbaycan tərəfinin real qiymətlər hazırladığını deyir. Və bunun əsasında danışıqlar davam edir. Qəbələ RLS həqiqətən də Rusiya üçün maraqlı olmasaydı, aylarla bu istiqamətdə danışıqlar aparmazdı.
Z.Oruc hesab edir ki, Rusiya tezliklə bu barədə son qərarını verəcək: “Ola bilər ki, icarə haqqının hamısı pul ödəmələri ilə həyata keçirilməsin, bunun başqa formaları da tapıla bilər”.
Qeyd edək ki, bu ilin dekabrında qüvvədə olan icarə müqaviləsinin vaxtı bitir. Ötən ilin sonlarında isə müqavilənin 2025-ci ilədək uzadılması üçün birgə iş aparılırdı. Almatıda MDB ölkələri Müdafiə Nazirləri Şurasının 61-ci iclasından sonra xəbər yayıldı ki, Rusiya və Azərbaycan Müdafiə Nazirlikləri arasında bu məsələyə dair sazişi möhkəmləndirən sənədin qısa müddətdə imzalanmaya hazırlanması gözlənilir.
 
ARAYIŞ
Qəbələ RLS “Daryal” tipli radiolokasiya stansiyasıdır. SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. İstismara 1985-ci ildə verilib. Texniki parametrlərinə görə dünyada analoqu yoxdur, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir.
İran, Türkiyə, Hindistan daxil olmaqla bütün Yaxın Şərqi, həmçinin, Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir.
 





31.05.2012    çap et  çap et