- Artıq emosiyalar arxada qalıb və nəticələri soyuq başla analiz etmək olar. Azərbaycan yığmasının Rioda əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz? Axı 18 medal-bu, tarixi uğurdur və Azərbaycan idmanının tarixində yeni səhifə açır...
- Mən həmişə hətta ən böyük nailiyyətlərə də tənqidi yanaşıram və anlamağa çalışıram ki, nəyə görə daha yüksək nəticə əldə edə bilmədik. Əlbəttə, ərazisi 86.6 kvadratmetr, əhalisi 10 milyon nəfər olan ölkə üçün 18 medal böyük uğurdur. Biz medalların sayına görə effektivlik baxımından dünyada 1-ci yeri tutduq. Əhalinin sayına düşən medal sayına görə isə dünyada 15-ci olduq.
Lakin təəssüf ki, bütün bunlara baxmayaraq Rio Olimpiadası bizim üçün həm də itirilmiş imkanlar oldu. Artıq qızıl medal əldə edəndən ertəsi günü biz üç növ üzrə finala çıxdıq, ancaq hər üçündə gümüşlə kifayətləndik. Üstəlik finalda iştirak edən idmançıların qızıl əldə etmək potensialı var idi. Bu, çox məyusedicidir. Biz Rioda əldə edilmiş uğurlardan hədsiz sevinməli deyilik. Ən azından ona görə ki, Tokioda ölkə bizim idmançılardan daha böyük nailiyyətlər gözləyəcək.
- Bizim yeddi gümüş medalımız var. Yəni yeddi dəfə finalda uduzmuşuq. Bu nədir-idmançılarımızın hansısa psixoloji problemi var, bəxtləri gətirməyib, yoxsa hazırlıq yetərli olmayıb?
- Hamısı kompleks şəkildə baş verib. Bəxti gətirməmək amili də olub. Məsələn, Mariya Stadnik. O, mübarizəyə o qədər aludə olmuşdu ki, döyüşün sonuna bir neçə saniyə qalmış belə, öz üstünlüyünü möhkəmləndirməyə cəhd etdi, nəticədə fəndə düşüb uduzdu. Bu cür böyük təcrübəyə malik olan idmançı döyüşü təmkinlə qələbəyə aparmalıydı və çoxdan gözlənilən qızıl medalı əldə etməliydi. Bu, sadəcə insanın xarakteridir, döyüşçü ruhudur.
Yaxud bizim idmançıya rəqib tərəfindən mənəvi təzyiq cəhdi də oldu. Ad çəkmək istəmirəm, ancaq idmançımız onun ünvanına haqq etmədiyi iradları və sözləri eşidəndən sonra o qədər məyus oldu ki, növbəti döyüşü normal keçirə bilmədi.
Bundan başqa, mən artıq qeyd etmişəm ki, olimpiya çempionumuz Toğrul Əsgərov finalın lap əvvəlində başından zərbə aldı. Rəqibi bunu qəsdən etdi, ya təsadüfən? Mühakimə etmək istəmirəm, ancaq bu zərbədən sonra Toğrulun gözü qaraldı və dediyinə görə, heç nə görə bilmədi. Yenə də təcrübədən istifadə etməliydi. Döyüşü dayandırmaq və həkimə müraciət etmək lazım idi. Bu, idmançıya özünə gəlməyə imkan verərdi və döyüşü daha sonra normal davam etdirərdi.
- 2012-ci il Olimpiadasında biz 10 medal qazanmışdıq, 2016-cı il Oyunlarında isə 18 medal qazandıq. Londonda biz 53 idmançı ilə çıxış edirdik, Rioda isə 56. Fərq azdır, ancaq medalların sayı az qala iki dəfə çoxdur...
- Burada da birmənalı cavab yoxdur. Məsələn, biz 3 medalı ilk dəfə taekvandoda qazandıq. Burada bizim məşqçi Reza Mehmandostun rolu böyükdür. Xarici mütəxəssislərin də təsdiq etdiyi kimi, o, hazırda dünyada ən yaxşı məşqçidir. Komandanın qarşısına konkret tələb qoyur, bu da uğura aparır.
Avarçəkmədə də biz bu yolu keçdik. Londonda Valentin Demyanenko zədə aldı və medalsız qaldı. Rioda qızıl medal almalıydı, ancaq gümüşlə kifayətləndi. Bununla belə biz buna doğru irəlilədik, yəni nəticə əldə olunmalıydı.
İnna Osipenko-Radomskayanın komandaya cəlb olunması da uğurlu oldu, o, bürünc qazandı. Tokioda da çıxış etməyə hazırdır. İnna deyir ki, daha sonra Azərbaycanda qalıb məşqçilik etmək istəyir. Bu insan ölkəmizdə qalıb uşaqları məşq etdirmək niyyətindədir. Bu da legionerlərin bizə nə qədər gərəkli olduğuna bir nümunədir.
Boksda idmançılarımızın sayı çox olsa da əvvəllər bürüncdən o yana keçə bilmirdik, bu dəfə gümüş qazandıq. Cüdoda iki gümüş medalımız var. Bunda da məşqçinin xidməti böyükdür. Lakin hesab edirəm ki, Peter Zayzenbaher xaricdə keçirdiyi təlim-məşq toplantılarının sayında bir balaca ölçünü aşır. Əlbəttə, mən bütün idman növləri üzrə mütəxəssis ola və bütün məşqçilərin səviyyəsini ölçə bilmərəm. Bu, real deyil. Bu mövzuda mübahisə etmək olar, ancaq hesab edirəm ki, insan orqanizmi bu qədər çox təlim-məşq toplantısına və bu cür yanaşmaya davam gətirə bilməz. Londonda medal qazanmadığımızı nəzərə alsaq cüdoda iki gümüş medal uğurdur. Lakin sual yaranır: niyə iki qızıl yox? Bəlkə, doğrudan da çox yorulublar? Bu məsələdə dəyənəyin iki tərəfi var.
İstənilən halda Rüstəm Orucov və Elmar Qasımov bu uğura çoxdan yaxınlaşırdılar. Yaxşıdır ki, cüdo Federasiyası yerli kadrlar hesabına bu uğurlara nail olur. Əla baza var. Yeri gəlmişkən, Bakıdakı çempionatda 500-dən çox uşaq iştirak edir. Düzgün selektiv yanaşma olsa resurslar əldə ediləcək.
- Siz legionerlər məsələsinə toxundunuz. Bu qədər çox sayda legionerin Azərbaycan yığmasına cəlb edilməsinin nə mənası var? Razılaşın ki, milli komandanın tərkibində kubalı boksçunu görmək adama qəribə gəlir. Onu özümüzünkü kimi qəbul etmək çətindir...
- Bəs İtaliya komandasında niyə kubalı boksçu və güləşçi çıxış edir? Bəs niyə 10 min metr məsafəyə qaçan amerikalı atlet diz üstə çöküb Allaha dua edir? Bu gün qloballaşma dövründə, təkcə insanların deyil, bütöv şəhərlərin bir nöqtədən başqa nöqtəyə köçdüyü bir vaxtda nəyə görə biz özümüzü legionerlərdən kənarda tutmalıyıq?
Boksçu Lorentso Sotomayor səmimi etiraf edir ki, o, Kubanın kasıb məhəlləsində yaşayırdı, onu tapdılar, Azərbaycana gətirdilər, normal şərait yaratdılar. O, deyir ki, burada olmaqdan xoşbəxtdir və heç yana gedən deyil, hətta adını dəyişmək istəyir. Bu adamı necə legioner saymaq olar?
Başqa misal gətirim. Bu gün avarçəkməni necə inkişaf etdirmək olar ki, ölkədə cəmi bir baza var, o da əhalisi 100 min nəfər olan Mingəçevirdə yerləşir? Bakıda da baza lazımdır. Lakin burada münasib yer yoxdur. Məsələ cənab prezidentə məruzə ediləcək.
Xahiş edəcəyik ki, Bayraq Meydanı tərəfdə avarçəkmə ilə məşğul olmağa şərait yaradılsın. Bu gün xeyli valideyn istəyir ki, uşaqları bu idman növü ilə məşğul olsun. Onlar xahiş edirlər ki, Mingəçevirdə tədris korpusu və yataqxana tikilsin, uşaqların bu idman növü ilə məşğul olmasına şərait yaradılsın. Bu halda onlar uşaqlarını Mingəçevirdə qoymağa hazırdır.
Planlaşdırdıqlarımızı həyata keçirmək hələ mümkün olmayıb, ancaq biz buna doğru gedirik.
- Rio Olimpiadasında Azərbaycan yığmasının təxminən 60 faizi gəlmələrdən ibarət idi. Nazirlik Tokio Olimpiadasında bu faizi aşağı salmağa çalışacaqmı?
- Əlbəttə, bu gün nazirliyin və federasiyaların vəzifəsi Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentinin dəstəyi ilə ondan ibarətdir ki, əcnəbi idmançıların sayı azaldılsın. Nazir kreslosunda oturan istənilən normal adam deyə bilməz ki, Azərbaycan yığmasında legionerlərin sayını artırmaq istəyir.
- Lakin biz bu gün oxatma, marafon qaçışı və digər idman növlərində legionerləri görürük. Bəyəm bütün idman növləri üzrə təmsil olunmaq belə vacibdir? Axı Azərbaycan üçün xarakterik olmayan idman növləri var ki, əhali onlara heç maraq göstərmir...
- Bu məsələ mənə də maraqlıdır. Biz həmin oxatmanı və ya 2020-ci il Oyunlarına daxil edilmiş sörfinqi inkişaf etdirməyə borclu deyilik. Heç kim bizi məcbur etmir ki, Olimpiadada bütün idman növləri üzrə təmsil olunaq, lakin...
Niyə mən özüm 1978-ci ildə uşaq-gənclər idman məktəbinin həndbol bölməsinə yazıldım? Nəyə görə 80-ci illərdə həndbolu seçdim və hətta yığma komandada oynadım? Mən 134 saylı məktəbdə oxumuşam, 189 saylı məktəbdə də dostlarım var idi və ora tez-tez gedirdim. Həmin məktəbdə məşqçi Valeri Botov həndbol məşqləri keçirdi. Mənə maraqlı gəldi və həndbolla məşğul olmağa başladım.
- Ancaq sovet dövründə həndbol populyar idi, Azərbaycanın hətta qadınlardan ibarət güclü komandası da vardı...
- İndi sırf emosional olaraq deyirik ki, sovet dövründə həndbol populyar idi. O vaxtlar məktəblərə gedirdilər və seçim aparırdılar. İndi təəssüf ki, bu yoxdur. Sovet dövründə uşaq-gənclər idman məktəbi var idi. Hər məktəbdə bu və ya digər idman növü üzrə dayaq bazası olurdu. Təəssüf ki, indi bunlar yoxdur. Ancaq hər şey məktəbdən başlayır. Biz bütün bunları itirmişik.
- İdmanın inkişafına əngəl olan səbəblərdən biri kimi idman komplekslərində yüksək abunə haqlarıdır. Mən bir çoxlarını tanıyıram ki, istəyirlər uşaqları üzgüçülüklə məşğul olsun, ancaq maddi imkanları buna yetmir. Nəticədə Azərbaycan gələcək üzgüçülərini itirir...
- Xəbəriniz var ki, Bakı Su İdmanı Mərkəzində abunə haqqı nə qədərdir? Qiymətlər istənilən başqa hovuz kompleksindən 3-4 dəfə aşağıdır. Hazırda orada 1700 nəfər üzgüçülüyə yazılıb və üzür. Və hamı razıdır. Mərkəzdə üç hovuz var, biri suya tullanma üçün, ikisi 50 metr məsafəyə üzə üçün. Məşq hovuzu ona görə unikaldır ki, orada dib yuxarı qalxır, nəticədə uşaqları da öyrətmək mümkün olur.
Üstəlik, hovuzlardan biri uzununa yox, eninə bölünüb, nəticədə daha çox üzmə zolağı əldə edilib. Digər hovuzda peşəkarlar üzür. Azərbaycanın üzgüçülük, triatlon, veloidman üzrə yığmasının üzvlərinə giriş tam pulsuzdur. Seksiyalar təşkil olunub, trenajor zalları var. Hər şey düşünülüb.
Mərkəzin zirzəmisində suyu təmizləyən, rütubəti saxlayan, elektrik enerjisi ilə təchiz edən nəhəng zavod var. Orada suyu xlorsuz təmizləyən sistem quraşdırılıb. Bütün bunları saxlamaq lazımdır. Sistem böyük miqdarda elektrik sərf edir. Bəs kim bunun pulunu ödəyəcək? Dövlətdən dotasiya xahiş edək? Ona görə də müəyyən abunə haqqı müəyyən edilib.
- Ancaq bir çox Olimpiya kompleksləri bağlıdır...
- Mən hansısa kompleksin bağlı olduğunu sübut edən adama mükafat verməyə hazıram... (gülümsəyir)
- Məsələn, ötən il Qusarda biz özümüz Olimpiya Mərkəzinə girə bilmədik...
- Qusardakı Olimpiya kompleksinin Gənclər və İdman Nazirliyinə dəxli yoxdur. Bu kompleks Azərbaycan Beynəlxalq Bankı tərəfindən tikilib. Qusar, Şəki, Zaqataladakı Olimpiya kompleksləri Beynəlxalq Banka məxsusdur. Və bizim nazirliyin işçilərini də ora buraxmayıblar. Beynəlxalq Bankdan xüsusi icazə gətirməyi istəyiblər.
- Necə ola bilər ki, nazirliyin əməkdaşlarını Olimpiya mərkəzlərinə buraxmasınlar?
- Dövlətin pulunun olmadığı vaxtlarda onları digər strukturlar tikirdi. Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi «Nurgün Motors», Masallıdakını «Azpetrol» tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır. Bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum oldu ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb.
Gəncə Olimpiya kompleksi nazirliyin balansına keçib. Lənkəran kompleksi dəhşətli tərzdə tikilmişdi. Buna görə də, onu söküb yenidən tikmək lazım oldu. Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. Orada da işlər elə də sadə deyil. Komplekslər əl dəyişdirmişdi, biri hətta Hollandiya şirkətinə məxsus idi.
Nazirliyin tabeliyində olan komplekslərdə isə olimpiya idman növləri üzrə pulsuz idman seksiyaları fəaliyyət göstərir. Əgər öyrənsək ki, orada kimsə kimdənsə olimpiya idman növü üzrə məşğələlərə görə pul alır, həmin məşqçi və ya kompleksin rəhbəri işini itirir.
Komplekslərin illik qazancı 20-40 min manatdır. Digər işlərdə nazirlik yardım edir.
- Güləşçimiz Rəsul Çunayevin Rio Olimpiadasında erməni rəqibinə uduzması müzakirələrə səbəb oldu. Erməni idmançılarla mübarizədə qazanılan qələbələrin, yaxud məğlubiyyətlərin digərlərindən ayrılmasına necə baxırsınız?
- Bu sırf emosional andır. Bizdə çoxları uğurlarımızı qonşularımızın uğurları ilə müqayisə etməyə can atır. Bu həmişə, hətta sovet dövründə də olub. Belə hallara digər ölkələrdə də rast gəlinir. Qonşuların qarşıdurması prinsipial xarakter daşıyır. Lakin bizdə bu həmdə torpaqlarımızın işğal altında olması ilə bağlıdır. Lakin necə olur olsun, cəmiyyətdən bunu dramatikləşdirməməyi xahiş edirəm. Bu idmandır.
- Olimpiya Oyunlarında mükafata layiq yer tutan idmançılarımıza verilən pul mükafatlarının məbləği barədə çox danışılır. Onlara bu qədər pulu vermək lazımdırmı? İdmançıya yüzlərlə min manat vermək nəyə lazımdır? Axı bu onları korlayır, çoxu idmandan gedir...
- Mükafat kimi təqdim olunan məbləğ çox ağır zəhmətə verilən qiymətdir. Sonrakı iş isə məşqçilərin və valideynlərin üzərinə düşür.
Kimsə, doğrudan da, qələbədən sonra idmandan gedib, kimsə xəstələnib - Pekində bayrağımızı daşıyan Fərid Mansurovla bağlı da belə olmuşdu.
Bəs niyə Maykl Felps «özündən çıxmır«? Hər medala görə 25 min dollardan əlavə, bundan 100 dəfə çox reklam gəlirləri var. Deməli, məsələ idmançının nə qədər qazanmasında deyil, ağlından və vətəndaş mövqeyindən asılıdır.
- Növbəti Olimpiadaya hələ çox var, hələlik isə «Qarabağ» futbol klubu Bakıda Avropa Liqasının oyununu keçirməyə stadion tapmır. Dalbadal üçüncü ildir ki. Tofiq Bəhramov adına stadionun ot örtüyü avqust ayında ciddi problemlər törədir.
- Bu baş verənlər mənim üçün tapmacadır. Əvvəllər nazirliyi tənqid edirdilər. Respublika stadionunda ot örtüyünü Bolqarıstan, İngiltərə, Türkiyə mütəxəssisləri dəyişiblər. Sonuncuları «Qarabağ» özü gətirmişdi. Lakin ot yenə yanır. Və hər dəfə də bu avqust ayında baş verir. Mənə sual verirlər ki, bəs niyə BƏƏ və Küveytdə yanmır? Deməli, onların təcrübəsini öyrənmək lazımdır. Torpağı dəyişmişik, bəlkə suyumuzda nəsə var? Bəlkə hansısa infeksiyadır? Amma buna da inanmağım gəlmir. Hər necə olursa olsun, dəyişmək lazım gələcək.
- Bu yaxınlarda xəbər vermişdik ki, nazirlik Avropa Oyunları vaxtından media kəndində qalan mebelləri satır. Bu işdən nə qədər qazandınız?
- 100 min manatlıq mebel satılıb. Daha 6-7 min qazanacağıq. İslam Oyunlarında media kəndi olmayacaq, buna görə də, həmin yerləri boşaldırıq. İslam Oyunlarından sonra isə hər şeyi – qolf-karları, kompüterləri, masaj masalarını və s. satacağıq. Avropa Oyunlarından sonra anbarlarda 60 milyonluq mal qalıb. Bunların hamısı satılacaq və paylanacaq. Hələlik İslamiadada lazım olmayacaq əşyalar satılır. Çoxunu isə uşaq evlərinə, Olimpiya komplekslərinə, Olimpiya liseylərinə hədiyyə etmişik.
- Biz bayaqdan ancaq idman haqda danışırıq, yaddan çıxarırıq ki, Azad Rəhimov hə də gənclər naziridir. Belə təəssürat yaranır ki, Siz əsas diqqəti idmana ayırırsınız. Hesab etmirsiniz ki, gənclərin problemi diqqətdən kənarda qalıb? Xüsusən də gənclər arasında dini radikalizmin yayıldığı, milli təhsilin deqradasiyaya məruz qaldığı, dəyərlər sisteminin dağıldığı, ideologiya boşluğunun hökm sürdüyü bir vaxtda...
- Elə sferalar var ki, nəticə ortadadır. Məsələn, Avropa Oyunlarının uğurla keçirilməsi. Rioda mənə yaxınlaşan hər iki adamdan biri deyirdi ki, indiki Olimpiadanı Avropa Oyunları ilə müqayisə etməyə də dəyməz. Yerlə göy qədər fərq var.
İdman-medalların sayıdır və bu da ilbəil artır. Yəni nəticə var. Bu nəticə hiss olunandır. Gənclər siyasəti nədir? İldə 100 milyon xərcləmək olar və heç kim başa düşməyəcək ki, nə baş verir. Nəticəni sən görmürsən.
- Nəticə görünür.
- Müsbət, yoxsa mənfi?
- Təəssüf ki, mənfi. Gənc nəslin sifətinə baxın. Siz orada yeni millət və yeni nəsil görməyəcəksiniz. Onlar getdikcə daha çox Yaxın Şərq insanlarına oxşayırlar...
- Gənclər siyasətindən kənara çıxıb dini amil haqda danışmağı düzgün saymıram. Din insanın qəlbindədir. Demək ki, bu gün Bakıda başıörtülü qadınlar artıb, hesab edirəm ki, belə deyil.
Bəli, hansısa proses gedir və bundan qaça bilməzsən. Bu gün Azərbaycanda nazirliyin öz tədbirlərində əhatə etməli olduğu gənclərin yaşı 14-29 arasıdır. Bu, əhalinin az qala üçdə biridir, 3 milyon nəfərdir. Dünyada elə bir gənclər siyasəti modeli yoxdur ki, 3 milyonun hər bir fərdinə aid olsun. Heç bir milyona da çatmaq mümkün deyil.
Bu gün bizdə 300-dən çox QHT var. 10 il qabaq onların sayı 50-dən az idi. Mən hər ay regionlarda əhalinin qəbullarını keçirirəm. Tez-tez gənclər mənə müraciət edib QHT yaratmaq istədiklərini deyir, nazirlikdən dəstək istəyir. Gənclər Fondu da böyük rol oynayır, çoxlu sayda fiziki şəxslərə və təşkilata kömək edir. Üstəlik hər şey şəffafdır, hər qəpiyin haqq-hesabı aparılır.
- Dini aspekt problemin ancaq bir hissəsidir. İdeoloji boşluq narahatlıq doğurur...Aydındır ki, Azad Rəhimov bunu tək həll edən deyil. Bu, dövlətin məşğul olacağı problemdir. Dövlət bu ideoloji boşluğu doldurmaq üçün nə etməlidir?
- Sovet dövründə də biz ideoloji vakuumdan narazı idik. Və bu gün belə boşluğun olmadığı Şimali Koreyaya hansısa başqa nəzərlə baxırıq. İki yol var: birincisi-Şimali Koreya yoludur, daha aşağı dərəcədə Çin yoludur. İkincisi-demokratik inkişafdır və orada sən nəyisə insanlara zorla yeridə bilməzsən.
Bu gün «boz kütlə»ni birləşdirən ideologiya harada var? Orta statistik avropalı gəncin bizim gəncdən nəyi yaxşıdır? Mən gənclərimizə və onların erudiyasına inanıram.
- Məsələn, Rusiyada gənc qvardiyaçılar var. Onlar hər halda bu gün Bakının məscidlərini dolduran vəhabi gənclərdən yaxşıdır...
- Bu gün dünyada hər bir adamı maraqlandırmaq üçün nə düşünülübsə hamısından istifadə edirik. Mən nazirliyin gənclərlə iş şöbəsindən çox razıyam. Onlar kreativ gənclərdir, gecə-gündüz nəsə yeni bir şey fikirləşib tapırlar.
Bizim Youthivision layihəmizdə Kolumbiyadan olan qız iştirak etmişdi. Təkcə aviabiletə 9 min dollar xərcləmişdi, 1-ci yer üçün priz isə cəmi 3 min manat idi. Deməli biz nəsə maraqlı iş görürük ki, Kolumbiyadan gəlib bu müsabiqədə oxuyurlar.
Bir daha deyirəm ki, dünyada bilmədiyimiz vasitə, alət yoxdur. Əksinə, gəlib bizdən soruşurlar. BMT Baş katibi nəzdində Gənclər departamentinin yaradılması da bizim ideyadır. Ümumdünya gənclər forumunu da biz keçirmişik və ölkələri gənclər siyasəti haqda düşünməyə çağırmışıq. Axı «Ərəb baharı» gənclərdən başlamışdı.
Bizim model BMT üçün nümunəvidir. Onlar bizə tez-tez müraciət edir. Mən demirəm ki, bizdə hər şey idealdır, ancaq imkan çərçivəsində əlimizdən gələni edirik. Üstəlik gənclər siyasətinə ayrılan illik 5 milyon manat büdcə çərçivəsində.
- Yeri gəlmişkən, pullar haqda. Hazırda neftin ucuzlaşması ilə bağlı maliyyə vəziyyətimiz o qədər də yaxşı deyil. Bunun idmanın inkişafına təsiri varmı? Dotasiyalar azaldılacaqmı?
- Böhranın idmana ancaq infrastrukturun tikintisi məsələsində təsiri olub. Bu gün bizdə ona yaxın olimpiya kompleksinin tikintisi dondurulub. Yəqin ki, tikilməkdə olan bu obyektləri başa çatdırmaq üçün hansısa vəsaitlər ayrılacaq. Bütün qalan məsələlərdə isə ixtisar yoxdur, yeri gəlmişkən, bizə idmana ildə 9 milyon ayırırlar. Yəni bu vəsait azaldılmayıb. Federasiyalar isə ayrı məsələdir. Onları bir çox özəl şirkətlər maliyyələşdirir.
- Bəs xərclər Federasiyalar və Nazirlik arasında necə bölünür?
- Nazirlər Kabinetinin təsdiqlədiyi dəqiq tarif planı var. Nazirlik yığmaların təlim məşq toplantıları və yarışlar üçün yol xərcini ödəyir, formalar sifariş verir və s. Lakin nazirlik legionerlərə və ya məşqçilərə maaş verə bilməz. Onlar bizim ştatda deyil. Əgər tikintini nəzərə almasaq idmana bizdə ildə 60-70 milyon manat xərclənir.