Vaxt.Az

«ATƏT sədrinin etirafı»


 

«ATƏT sədrinin etirafı» Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Azərbaycana gəlir. Bakıda keçiriləcək görüşlərdə əsas müzakirə mövzusu Qarabağ münaqişəsində yaranmış son vəziyyət olacaq. ATƏT sədrinə cəbhə xəttində baş verənlərlə bağlı ətraflı məlumat veriləcək.
E.Gilmorun regiona səfəri iyunun 11-də Ermənistandan başlayıb. ATƏT sədri İrəvanda bəyan edib ki, İrlandiyanın 2012-ci ildə ATƏT-ə sədrliyi dövründə prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqinin əldə edilməsidir.
Ermənistan mətbuatının məlumatına görə, E.Gilmor, həmçinin deyib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil, sülh yolu ilə irəliləmək lazımdır: “Dağlıq Qarabağ və ətraf ərazilərdə yaşayan insanlar kövrək və qeyri-sabit status-kvoya deyil, sülh və sabitliyə layiqdirlər”.
ATƏT sədri hesab edir ki, etimad ab-havasının yaradılması münaqişənin davamlı həllinə nail olmaq üçün yeganə yoldur. İrlandiyanın baş diplomatı münaqişə tərəfləri  arasında birbaşa əlaqələri genişləndirməyi, ibadət yerləri, mədəni obyektlər və qəbiristanlıqların mühafizəsi üzrə səylər göstərməyi lazım bilir.
ATƏT sədri deyir ki, biz həll yolunu düşünüb tapa bilmərik, amma bu prosesə cəlb olunanlara kömək edəcəyik. 
E.Gilmor ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Fransanın paytaxtı Parisdə keçiriləcək qarşıdakı görüşündə münaqişənin həlli üzrə danışıqlarda müəyyən irəliləyiş əldə olunacaq. 
ATƏT-ə İrlandiyadan sonra Ukrayna sədrlik edəcək.
 





13.06.2012    çap et  çap et