Bəs Azərbaycan müxalifəti hansı vəziyyətdədir?! Ümumi ab-hava Azərbaycandakı müxalifətlə bağlı nə deyir?!
Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
«Dünya miqyasında müxalifət müxtəlif formada fəaliyyət göstərir. Avropada mütəmadi olaraq, müxalifət partiyaları ilə hakim partiyalar arasında rəqabətin getdiyinin şahidi ola bilərik. Avropa miqyasında millətçi və sağ partiyaların nüfuzu artıb. Sosialist və sol partiyaların nüfuzu isə zəifləyib. Mütəmadi olaraq, liderlər də dəyişir. Faktiki, onu demək olar ki, dünya müxalifəti böhran vəziyyətindədir. Amma demokratiya prosedurları işləyir».
Zərdüşt Əlizadə, Azərbaycanda mövcud olan müxalifətin faciəsinin səbəblərini açıqlayıb.
«Azərbaycana gəldikdə deyə bilərəm ki, Azərbaycan müxalifəti zəifdir və liderlər zəkadan kasaddırlar. Cəsarətsizlik də istisna deyil. Çirkli və şübhəli keçmişə sıx bağlıdırlar. Bunun da bir səbəbi var. O zaman SSRİ dağılmaq ərəfəsində idi və böhran dövrünü yaşayırdıq. Cəmiyyətdə təlatümlər baş verirdi. Həmin vaxt cürbəcür yüngül zəkalı insanlar qısa zamanda meydana çıxmağa başladı. İndi isə sabitlikdir. Eyni zamanda, hakimiyyətin içində də zəiflik halları müşahidə olunur».