Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev Modern.az-a açıqlamasında Prezidentin fikirlərinə münasibət bildirib.
Rövşən Rzayevin bildirib ki, İlham Əliyev sülh danışıqlarını Minsk Qrupu çərçivəsində aparan şəxsdir.
«Dağlıq Qarabağa yüksək statusun verilməsi, muxtariyyətin verilməsi mövqeləri səsləndirilib. Bu da yeganə yoldur ki, Cənubi Qafqazda sülh bərqərar olsun. Cənab prezident çıxışında heç bir zaman Azərbaycanda ikinci Ermənistan dövləti yaranmasına icazə verilməyəcəyini bildirib. Azərbaycan bir qarış torpağını da verməyəcək».
Deputatın sözlərinə görə, Ermənistan tərəfi nə qədər tez konstruktiv mövqeyə gəlsə, bu problemlər o qədər tez həllini tapacaq.
«Münaqişənin yeganə həlli yolu beynəlxalq hüquq prinsiplərinə söykənir. Ancaq Ermənistan təxribatçı mövqelər nümayiş etdirməklə beynəlxalq hüququn prinsiplərinə əməl etmir. Ermənistanın yerinə hansı dövlət olsaydı, hədiyyə verilmiş qələbə ilə öyünməzdi. Ermənistan başa düşməlidir ki, onlar Azərbaycana qarşı rəqib deyillər və ola da bilməzlər. Azərbaycan bir neçə dəfə Ermənistandan bütün sahələrdə güclü olduğunu göstərdi. Son aprel hadisələri Ermənistan silahlı qüvvələrinin qısa müddət ərzində işğal olunmuş ərazilərdən çıxara bilməyin sübutu oldu.
Amma təəssüflər olsun ki, Ermənistanı dəstəkləyən qüvvələr var. Onlar erməni lobbisinin hesabına Amerikanın, Rusiyanın, Fransanın və digər dövlətlərin dəstəyini alırlar. Ermənistanın havadarlarının gücünə arxayın olub addım atması ağılsızlıq olar. Çünki Azərbaycan hər yolla torpaqlarını işğaldan azad etmək gücündədir. Cənab Prezident məsələni sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycanda prezidentin bütün qərarlarını xalq dəstəkləyir».