ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, müstəqillik dövründə ABŞ-da müxtəlif proqramlar üzrə 6 mindən çox azərbaycanlı təhsil alıb. Hazırda isə ABŞ-da 408 azərbaycanlı təhsil alır.
«ABŞ təhsil sahəsində dünya lideridir. ABŞ universitetləri ardıcıl olaraq dünyanın ən yaxşı universitetləri sırasındadır. Burada elmin müxtəlif sahələri üzrə, - humanitar, mühəndislik, incəsənət, biznes, karbohidrogen, neft-qaz, texniki, - yəni mən azərbaycanlı tələbələri bu geniş çoxçeşidli imkanlardan yararlanmağa çağırıram», o qeyd edib.
ABŞ-ın Bakıdakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Ami Peterson Amerikanın Səsinə müsahibəsində bildirib ki, ABŞ-da təhsil alan 408 tələbəinin 20-si bu sərgilər vasitəsi ilə təhsil üçün müraciət edib. «Biz vətəndaşlara müraciət edirik ki, gəlib sərgi vasitəsi ilə pulsuz məsləhət və məlumatlar alsınlar. Amerikada təhsil almaq çətindir, amma mümkündür», o qeyd edib.
Onun sözlərinə görə, ABŞ səfirliyində təhsil üzrə təqaüd proqramları da var. «ABŞ səfirliyində təqaüd proqramları var. Ancaq, ən çox təqaüdləri universitetlərin özü verir. Bu təqaüdləri sərgilərdə və universitetlərin saytlarında tapmaq olar».
Ami Petersonun sözlərinə görə, Amerikada təhsil alan Azərbaycan vətəndaşlarının sayı ilbəil artır.