Vaxt.Az

«Daha yaxşısına nail ola bilərik»


 

Robert Sekuta: «ABŞ-Azərbaycan münasibətləri indi daha güclüdür»

«Daha yaxşısına nail ola bilərik» «ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalır». Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə Azərbaycan prezidentinin münasibəti barədə sualının cavabında bildirib.

Səfir deyib ki, ABŞ həmsədrlərlə, Azərbaycan və Ermənistanla birlikdə çalışaraq uzun müddətdir davam edən münaqişəni həll etməyə sadiq qalır və münaqişənin həllinə səylər göstərir.

«Davamlı səylərimizin göstəricisi olaraq sabah amerikalı həmsədr Ceyms Uorlik, o cümlədən digər vasitəçilər Azərbaycana gəlirlər. Məqsəd münaqişə tərəflərini bir araya gətirərək münaqişənin həll edilməsinə kömək etməkdir. Onu da əlavə edim ki, son dövrlər həm Azərbaycan prezidenti, həm də digər rəsmilər Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli olduğu barədə bəyanatlar verir. Mən bu bəyanatlar barədə rəsmi Vaşinqtona məruzə etmişəm. Hesab edirəm ki, bu bəyanat sabah səfir Uorlik və digər həmsədrlərin aparacağı müzakirələrin bir hissəsi olacaq», Sekuta qeyd edib.

O, Amerikanın Səsinin Azərbaycan-ABŞ diplomatik münasibətlərinin indiki səviyyəsi və qarşılıqlı səfərlərin nəzərdə tutulub-tutulmaması barədə sualının cavabında deyib ki, ABŞ və Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir.

«Hər iki tərəf əlaqələrin inkişafı üzərində işləyib, addımlar atıb. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz, təmaslarımız indi daha güclü, daha yaxşıdır. Bunun bariz nümunəsi kimi Azərbaycan prezidentinin bu ilin martında ABŞ-a səfərini, bizim bir sıra məsələlər üzrə davam etməkdə olan müzakirələrimizi misal çəkə bilərəm. Biz Azərbaycanla daha sıx, daha geniş əlaqələr istəyirik və düşünürük ki, münasibətlərin daha yaxşısına nail ola bilərik», o qeyd edib.

 





21.10.2016    çap et  çap et