İraq və Peşmərqə ordusunun Mosulu İŞİD-dən geri almaq üçün hücumlara başladığı zaman insanların evlərini tərk edib qaçacağına və ya öldürüləcəyinə baxmayaraq, qaçqın düşərgəsində məskunlaşan ailələr döyüşlərin tez bir zamanda başlamasını istəyirlər. «Bizim Mosulda tanıdığımız insanlar İŞİD terrorçularının nəyin bahasına olursa olsun, tezliklə getməsini istəyirlər» deyə, Ömər adlı qaçqın bildirir.
İŞİD terrorçuları bu düşərgədə yaşayan 30 min insanı bir neçə dəfə qaçmağa məcbur edib. Zorakılıqdan buraya qaçanlar əldən düşmüş vəziyyətdə gəlirlər. Yardım işçiləri düşərgələrin dolu olduğunu və qaçqınlar üçün təcili olaraq müvəqqəti sığınacaqlar tikmək üçün daha çox vəsait lazım olduğunu deyirlər.
Onların dediyinə görə, onlara vaxt lazımdır, lakin döyüşlər uzandıqca, vəziyyət daha da ağırlaşacaq. Bərzani Xeyriyyə Fondundan Rüzgar Abid: «Əməliyyatlar davam etdikcə qaçqın ailələrin də sayı artacaq. Ona görə də insanlar qaçqınların sayının artacağını düşünür. Qarşıdan qış gəlir, bu isə problemlərin artacağı deməkdir. Biz onların hamısını sığınacaqla təmin edə bilməyəcəyik».
Bu düşərgəyə gələn yeni qaçqınlar isə ərzaq, içməli su və yataqların çatışmazlığından şikayət edir. Qaçqınlar minalanmış çöllərdən əzabla keçdiklərini və buradan başqa gedəcəkləri yer olmadığını deyirlər.