Polisə qarşı hücum zamanı düşərgədən atəş və bomba partlayışı səsləri gəlib. Yerli telekanalda yayımlanan videoda məntəqə qara tüstüyə bürünüb və fonda avtomat atəşi səsləri eşidilib.
Baş polis qərargahına ən azı 5 terrorçu-kamikadze hücum etdiyi deyilir. Onlardan biri üzərindəki bombanı partladılmazdan əvvəl polis tərəfindən zərərsizləşdirilib.
Hücumun məsuliyyətini İŞİD qruplaşması dərhal üzərinə götürüb.
Kərkük qubernatoru Nəcməddin Kərim bildirib ki, yaraqlılar Kərkükdə heç bir hökumət binasını ələ keçirə bilməsə də, iki İŞİD-çi hələ də otellərdən birində qalıb. Gün ərzində Kərkükün müxtəlif yerlərində atəş səsləri də eşidilib.
Polis məntəqəsinə hücumdan bir neçə saat sonra 3 terrorçu-kamikadze Kərkük yaxınlığındakı Dibis şəhərində təmir işləri aparılan elektrik stansiyasında özlərini partladaraq 11 nəfərin ölümünə səbəb olub.
İkinci hücumun məsuliyyətini hələlik heç kəs üzərinə götürməyib.